Press "Enter" to skip to content

Müxalifsənsə, dürüst olacaqsan!

Azər HƏSRƏT

Son yeniləmə: 26 Noyabr 2023 19:53

BAYRAQDAR MEDİA – Son günlər iki məsələ ilə bağlı ciddi müzakirələr gedir. Biri AbzasMedia adlı onlayn media qurumu ilə bağlıdır. Rəsmi elan edilib ki, bu qurumun rəhbərləri – Ülvi Həsənli və Sevinc Vaqifqızı, həmçinin Məhəmməd Kekalov adlı şəxs həbs edilib. Onların hər üçü barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, araşdırma başladılıb. Səbəb kimi isə bu şəxslərin qaçaqmalçılıq yoluyla xaricdən maliyyə alması göstərilir.

Digər bir məsələ isə ABŞ səfirliyinin noyabrın 27-nə Amerikada təhsil almış məzunlarla şübhəli gecə görüşü planlamasıdır.

Bildirilir ki, ABŞ-nin Azərbaycana qarşı ədalətsiz və haqsız basqıları fonunda səfirliyin tez-tələsik belə bir görüş təşkil etməsi şübhələrə yol açıb. Lakin ictimai rəydə məsələnin mahiyyəti müzakirəyə səbəb olduğu üçün görüş təxirə salınıb (ola bilsin ki, başqa üsulla – daha gizli şəkildə gerçəkləşdiriləcək).

Hər iki məsələ istər-istəməz suallara səbəb olmalıdır, olub da.

Bir az keçmişə səyahət etməli olacağıq. Şəxsi təcrübəmdən danışıb sonra bu məsələlərin üzərinə qayıtmağı düşünürəm.

Uzun illər öncə idi. Şəxsən kəskin müxalif mövqedə idim. Ölkə içində yetərincə yüksək səslə hakimiyyəti (sağlığında Heydər Əliyevi, sonra isə İlham Əliyevi) tənqid edərdim. Lakin beynəlxalq tədbirlərdə, özəlliklə də ermənilərin iştirak etdiyi toplantılarda əsas diqqəti Qarabağın işğalına, 1 milyon soydaşımızın qaçqın-köçkün durumuna, Ermənistanın Azərbaycana qarşı cinayətlərinə cəlb edərdim. Təbii ki, belə çıxışlarım çoxlarının, o cümlədən də ABŞ, həmçinin Freedom House kimi təşkilatların təmsilçilərinin xoşuna gəlməzdi. Soros Fondu isə bir başqa idi.

O da yadımdadır ki, haradasa 2004-cü ildə Soros Fondunun təşkil etdiyi bir beynəlxalq tədbir üçün Macarıstanın paytaxtı Budapeştə getmişdik. Burada erməni jurnalistlərlə bir masa arxasında oturub müzakirə aparırdıq. O da yadımdadır ki, özünü “Stepanakert Press Klub”un rəhbəri kimi təqdim edən Gegam Bağdasaryan adlı birisi də tədbirdə iştirak edirdi. Təbii ki, onun orada iştirakı məni özümdən çıxarmalı idi və çıxardı da.

Bu qondarma qurum təmsilçisi yumşaq çıxış etdi. Amma mən, əksinə olaraq sərt bir çıxış elədim. Açıq şəkildə bildirdim ki, Qarabağ Ermənistanın işğalı altındadır və orada hansısa demokratiyadan, insan haqlarından, media azadlığından danışmaq olmaz. Bu çıxışım təşkilatçıların da, bu Gegamın da xoşuna gəlmədi. Fasilə zamanı o, mənə yaxınlaşıb belə sərt çıxışın düzgün olmadığını deyəndə bir qədər də kəskin cavab verməli oldum. Bu adam utanmadan deyirdi ki, biz də çox şeydən danışa bilərik. Dedim, nədən danışacaqsınız? Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən? Onu da dedim ki, buyur, danış. Cavabını da alacaqsan…

Sonra nə oldu? Sonra o oldu ki, Soros Fondu bir daha məni tədbirlərinə dəvət eləmədi. Onlar ölkə içindəki radikallığımı görüb düşünürmüşlər ki, xaricdə də eyni kəskinliklə Azərbaycanı tənqid edəcəyəm. Amma mən sözügedən tədbirdə diqqəti məhz Ermənistanın işğalına cəlb etməklə dəvət edən tərəfi təəssüfə boğmuşdum…

Daha bir xatirəm də bu ABŞ səfirliyi ilə bağlıdır. Yenə də radikal müxalif dönəmlərim idi. Bir neçə partiya sədri və mənimlə bərabər bəzi ictimai fəalları səfirlə görüşə dəvət etmişdilər. Heç yadımdan çıxmır, partiya sədrlərimiz hakimiyyətdən xeyli şikayətlənmişdi. Hələ bu azmış kimi, bir partiya sədri yazıq görkəm alaraq rus dilində “Bizə kömək edin, nə olar” deyə yalvarıcı bir tonda səfirə müraciət etmişdi. Açığı, bir Azərbaycanlı olaraq bu yöntəmə görə xəcalət çəkmişdim. Sonralar bu adam hətta prezidentliyə də iddia etdi. Deputat da oldu Milli Məclisdə…

Haşiyə: ABŞ səfiri də daxil olmaqla bir çox diplomatlar məni də dəvət ediblər, görüşmüşük, fikir mübadiləsi aparmışıq. Bir qayda olaraq Qərb diplomatları bizimlə ünsiyyətdə ayaqlarını üst-üstə aşıraraq divana/kresloya yayxanmaqla hakim görkəm alardı. Mən də həmişə məhz onlar kimi oturaraq özümü heç də aşağı sanmadığımı göstərərdim. Təbii ki, bu “dikbaşlığım” onların ürəyincə deyildi ki, yavaş-yavaş mənimlə əlaqələri büsbütün kəsdilər. İndinin özündə də nə ABŞ, nə də onun həndəvərində dövr edən dövlətlərin səfirlikləri şəxsimlə heç bir əlaqə saxlamır. Hətta ən kütləvi tədbirlərə cəmiyyət içində kimsənin tanımadığı təsadüfi adamları belə çağırdıqları halda məni “görməzdən” gəlirlər. Buna kədərlənirəmmi? Təbii ki, yox…

Bu xatirələrimi ona görə yazdım ki, son günlərin müzakirə olunan mövzularına mahiyyət baxımından münasibət bildirim.

Beləliklə, niyə hansısa ölkənin səfiri/səfirliyi Azərbaycanda bu tip görüşlər keçirməlidir? Səfirin işi öz ölkəsini təmsil etmək, eyni zamanda ikitərəfli münasibətləri daha yüksək zirvəyə daşımağa töhfə vermək deyilmi? Niyə səfirlər məhz müxalif kəsimdən olanlarla belə cici-bacıdır? Necə olur axı bunlar gənclər, ictimai-siyasi fəallarla görüş adı altında yalnız müxaliflərlə görüşür? Əgər doğrudan da belə görüşlərə zərurət varsa, örnək üçün, müxalif təmsilçiləri görüşə dəvət edəndə zəhmət çəkib iqtidar yanlısı gəncləri, fəalları da dəvət etsinlər də. Demək ki, müxaliflərlə ayrıca görüşə iqtidar yanlılarını dəvət etməməklə bunların nəsə gizli məqsədləri var…

Və AbzasMedia məsələsinə qayıdıram. Mediada yayılan bir yazıda qarşıma çıxdı – bu qurumun hazırda istintaq altında yatan təmsilçiləri və onların yoldaşları 2020-2023-cü illərdə xarici donorlardan 113 min 910 avro və 210 min 794 ABŞ dolları vəsait alıb. Yəni ümumilikdə 570 min manat!

Məsələ ondadır ki, bu qədər böyük rəqəmlə ifadə edilən vəsait bir qayda olaraq açıq şəkildə anti-Azərbaycan mövqeyi tutan qurumlardan, qeyri-leqal yollarla daxil olub! Yəni Azərbaycanda demokratiya, insan haqları, media azadlığı məsələlərinə töhfə verməyə çalışdığını bəyan edənlərin özləri beləcə qanunsuzluğa açıq olub!

Hə, bu yerdə gəlib çıxdıq əsas məsələyə! Müxalif və tənqidçisənsə, özün dürüst olacaqsan! Elə bir örnək həyat yaşayacaqsan ki, səni sevməyən hakimiyyət təmsilçiləri belə açıq da olmasa sənə hörmətlə yanaşacaq. Özün bu qədər qanunsuzluğa bulaşmışkən kimlərisə korrupsiyada, insan haqlarını pozmaqda, azad medianı boğmaqda ittiham edə bilməzsən. Yəni öz gözündəki tiri yox sayıb başqasının gözündə çöp axtarmamalısan…

Mission News Theme by Compete Themes.