Press "Enter" to skip to content

“Zərərli vərdişlərə birlikdə yox deyək!”

Son yeniləmə: 24 Noyabr 2023 12:05

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində “Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsinə başlanılır.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “layihənin əsas məqsədi şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, zərərli vərdişlərin cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, təhsilalanları belə neqativ əməllərdən çəkindirmək, onların təhsilə, elmə olan marağını daha da artırmaqdan ibarətdir. Layihə çərçivəsində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbirlərin təşkili, ümumi təhsil məktəblərinin müəllimləri, uşaq birliyi rəhbərləri, məktəb-valideyn icmasının rəhbər və üzvləri üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin, “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur”.

Həmçinin müxtəlif mövzularda valideynlər üçün maarifləndirici seminarların keçirilməsi planlaşdırılır: “Bundan əlavə, layihə çərçivəsində şagirdlərin ifasında maarifləndirici səhnəciklər nümayiş olunacaq, bukletlər, rəsm əsərləri, təqdimatlar, videoçarxlar, qısa animasiya filmləri, posterlər hazırlanacaq. Eyni zamanda ixtisaslı mütəxəssislərlə məktəblilərin görüşlərinin təşkili, “Zərərli vərdişlərə birlikdə yox deyək!” mövzusunda şagird layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, layihədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin VII-XI sinif şagirdləri iştirak edəcək”.

Mission News Theme by Compete Themes.