Son yeniləmə: 24 Noyabr 2023 17:40
BAYRAQDAR MEDİA – Bolqarıstanda “Trend” Araşdırmalar Mərkəzinin “24 Çasa” qəzetinin sifarişi əsasında keçirdiyi sorğunun nəticələrinə görə, yerli seçkilər ölkədə siyasi mənzərəni dəyişməyib.
Sorğunun nəticələrinə əsasən, hökumətə dəstək 20 faizə düşüb. Seçki prosesinə etimadsızlıq yüksəkdir.
Radio Bolqarıstan xəbər verir ki, sorğuda iştirak edənlərin 47 faizi yerli seçkilərin ədalətsiz keçirildiyini, 19 faizi isə əksini düşünür: “Sorğunun nəticələrinə görə, insanların 59 faizi kağız bülletenlər və maşınlar arasında seçim imkanı verən qarışıq səsvermənin davam etməli olduğunu bildirib. Sorğuda iştirak edənlərin 44 faizi yerli seçkilərin bələdiyyələrində nəyisə dəyişəcəyinə inanmasa da, 29 faizi dəyişikliyin olacağına nikbindir. İnsanların 16 faizi vəziyyətin daha da pisləşəcəyini düşünür”.
Məlumatda deyilir ki, GERB 24,7 faiz dəstəyi ilə aparıcı siyasi qüvvə olmaqda davam edir. “Prodaljavame Promyanata – Demokratik Bolqarıstan” 17,9 faiz, “Vızrajdane” isə 15,4 faiz dəstəklə üçüncü yerdə qərarlaşıb. Daha sonra 13,3 faizlə Hüquq və Azadlıqlar Hərəkatı DPS, 9,4 faizlə BSP və 4,4 faiz dəstəyi ilə “İma Takav Narod” gəlir.
Seçicilərin 30 faizi növbədənkənar parlament seçkilərinin keçirilməsini istədiyi halda, onların 47 faizi belə seçkiyə ehtiyac duymur.