Son yeniləmə: 24 Noyabr 2023 11:57
BAYRAQDAR MEDİA – İraq parlamentindəki türkmən deputatlar İraqın ərazi bütövlüyünə, türkmənlərin hüquq və qanunlarına zəmanət verməyən parlament sədrinə namizədə səs verməyəcəklərini açıqlayıblar.
Məlumatı Türkmeneli TV yayıb.
Qeyd edilib ki, İraq Parlamenti Türkmənlər Qrupunun sədri Ərşad Salihi parlamentdə keçirilməsi gözlənilən yeni sədr seçkiləri ilə bağlı türkmən millət vəkilləri adından yazılı açıqlama verib.
Açıqlamada o, “İraqın ərazi bütövlüyünə, türkmənlərin hüquq və qanunlarına qanunvericiliklə təminat verməyən heç bir parlament sədrliyinə namizədə səs verməyəcəyik” deyə vurğulanıb.
Ə.Salihi, həmçinin İraqın digər siyasi qrupları ilə məsələ ilə bağlı məsləhətləşmələrin və görüşlərin davam etdiyini bildirib.
Xatırladaq ki, İraqın Ali Federal Məhkəməsi keçmiş parlament sədri Məhəmməd Halbusinin mandatını “deputatı istefaya məcbur etmək” səbəbilə ləğv etmişdi. İraq parlamentində keçiriləcək iclasda yeni parlament sədrinin seçiləcəyi gözlənilir. İraqlı sünni millət vəkillərinin əksəriyyətinin daxil olduğu “Kiyade” (Liderlik) adlı ittifaq yeni parlament sədrinin namizədini təyin etmək səlahiyyətini mandatı götürülən Məhəmməd Halbusi və sünni lideri Hamis Hançerə verib. İraqda 2003-cü ildən sonra qurulan siyasi tənliyə görə, parlamentin sədri sünnilərdən seçilir.