Press "Enter" to skip to content

Emin Əmrullayev Naxçıvanda məktəblərdə olub

Nazir Naxçıvanda

BAYRAQDAR MEDİA – Noyabrın 24-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfəri çərçivəsində Babək rayonu Yarımca kənd tam orta məktəbində olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müəssisədə yaradılmış şəraitlə tanış olan elm və təhsil naziri tədris prosesi ilə maraqlanıb, şagird və müəllimlərlə söhbət aparıb. Ona məlumat verilib ki, məktəb 2004-cü ildə istifadəyə verilib, 2016-cı ildə isə əsaslı təmir olunub. 342 yerlik məktəb binasında hazırda 300-dən çox şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur”.

Təhsil ocağında 4-ü elektron lövhəli olmaqla 19 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompüter, müəllimlər, STEAM və şahmat otaqları, kitabxana, idman zalı yerləşir. Məktəb kitabxanasında 6 mindən çox ədəbiyyat və dərslik mövcuddur.

Məktəbin kompüter otağında 19 kompüter quraşdırılıb. Elektron lövhəli siniflərdə distant dərslərin keçirilməsi üçün lazımi şərait yaradılıb, həmçinin məktəb elektron dərsliklərlə təmin edilib.

Sonra xəbərdə, “E.Əmrullayev səfər çərçivəsində həmçinin Naxçıvan Qarnizonu tam orta məktəbində də olub. Məktəbdə yaradılmış şəraitlə tanış olan nazirə məlumat verilib ki, təhsil müəssisəsi 1992-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərində yerləşən hərbi hissələrdə xidmət edənlərin övladlarının təhsil alması məqsədi ilə yaradılıb” deyə bildirilir.

Fəaliyyəti dövründə davamlı uğurları olan məktəbin şagirdlərinin son 5 ildə ali təhsil müəssisələrinə qəbul nəticələri 100 faiz olub.

Hazırda məktəbdə 36 sinif komplektində 634 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur.

Mission News Theme by Compete Themes.