Press "Enter" to skip to content

Daşkənddə “Cığır” romanının təqdimatı keçirilib

Yunus Oğuz oxucular üçün kitab imzalarkən

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Cığır” romanının təqdimatı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, soydaşlar, jurnalistlər iştirak edib. Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan kitabı orijinaldan özbək dilinə Dos. Gülbahar Aşurova çevirib. O çıxışında Y.Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. G.Aşurova bildirib ki, Y.Oğuz Özbəkistanda çap olunan ilk kitabı -“Əmir Teymur” romanı ilə məşhurlaşıb”.

Sonra Mərkəzin əməkdaşı Kərim Məmmədzadə Y.Oğuzun yaradıcılığı haqqında ətraflı məlumat verib, Zəfər tarixindən bəhs edən əsərin əhəmiyyətindən danışıb. Alim və tərcüməçi Babaxan Şərif isə bildirib ki, bundan əvvəl Y.Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz”, “Ovçu” romanları işıq üzü görüb və populyarlıq qazanıb. O həmçinin deyib ki, Y.Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək. Alim “Cığır” romanının bədii dəyəri haqqında da söhbət açıb, gələcəkdə tarixi araşdırmaq üçün dəyərli bir mənbə olacağını qeyd edib.

Təqdimat zamanı digər çıxış edənlər müəllifin yaradıcılığı haqqında söhbət açıblar.

Sonda müəllif özü çıxış edərək kitab üzərindəki işindən danışıb. Y.Oğuz əsərin çapına və təqdimat mərasiminə görə Mədəniyyət Mərkəzinə və muzeyə toplaşanlara minnətdarlığını bildirib.

Mission News Theme by Compete Themes.