Press "Enter" to skip to content

Azərbaycan-UNECE işbirliyinin prioritet istiqamətləri müzakirə edilib

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanla görüş

Son yeniləmə: 24 Noyabr 2023 12:50

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Həftəsi çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanla görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 24-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycan və UNECE arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, həmçinin SPECA proqramı çərçivəsində sıx əməkdaşlığın mövcudluğu qeyd edilib. Bakıda keçirilən SPECA Həftəsinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticarət, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, “yaşıl” iqtisadiyyata keçid, energetika və digər sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olduğu vurğulanıb. Bu baxımdan Azərbaycanın səyləri təqdir edilib”.

Məlumata görə, tərəflər Azərbaycan-UNECE işbirliyinin prioritet istiqamətləri və gündəlikdə olan məsələlər barədə fikir mübadiləsi aparıblar. Həmçinin ticarət, innovasiya və dövlət-özəl tərəfdaşlığının təşviqi, SPECA regionu çərçivəsində əlaqələrin perspektivləri, Transxəzər dəhlizinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin reallaşdırılması imkanları müzakirə edilib.

Mission News Theme by Compete Themes.