BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin eksperti, genetik Zakir Bayramov tibbi-genetik məsləhətlərin aparılması ailə planlanlaşdırılmasında və reproduktiv sağlamlıqda hansı mühüm əhəmiyyət kəsb edir, genetik testlər, onların növləri və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətuat xidmətindən daxil olub.
Ekspert öncə tibbi-genetik məsləhətlərin aparılması ailə planlanlaşdırılmasında və reproduktiv sağlamlıqda hansı mühüm əhəmiyyət kəsb etdiyini açıqlayıb: “Ailə planlaşdırılmasında tibbi-genetik məsləhət və genetik testlər mühüm rol oynayır. Onlar anadangəlmə xəstəliklərin və ya irsi yolla ötürülə bilən genetik patologiyaların risklərini müəyyən etməyə kömək edir. Həmçinin, ailənin gələcək hamiləlikləri ilə bağlı əsaslandırılmış qərarların qəbul edilməsi və doğulacaq uşaqların sağlamlığının qorunması üçün müvafiq üsullar seçməsinə imkan verir. Genetik testlər, eyni zamanda, valideynlərdə mümkün genetik problemləri müəyyən etməyə kömək edə bilər, onlara ailə planlamasında alternativ imkanlardan istifadə etməklə bağlı qərar verməyə şəraət yaradır”.
Xəbərdə deyilir ki, “Z.Bayramov bildirib ki, genetik testlərin əksəriyyəti pasiyentə heç bir ağrı yaşatmadan götürülür. Nümunəni əldə etmək üçün ağız boşluğundan götürülən yaxma kifayət edir. O həmçinin qeyd edib ki, lakin elə genetik testlər də var ki, onlar klassik üsulla – venoz damardan 2-5 ml qan götürülməklə həyata keçirilir”.
Sonra xəbərdə, “genetik onu da vurğulayıb ki, onkologiyanın müxtəlif növlərinə irsi meylinin müəyyən edilməsində genetik diaqnoz mühüm rol oynayır. Bu, müəyyən xərçəng növlərinin (döş, yumurtalıq, bağırsağ, prostat, ağciyər, dəri və s.) inkişaf riskinin artması ilə əlaqəli ola biləcək genlərdəki dəyişiklikləri müəyyən etməyə kömək edir” deyə bildirilir.
Sonda Z.Bayramov valideyn olmaq istəyən şəxslərin neçə yaşdan sonra genetik testlərdən keçməli olduqları haqda danışıb: ”Hər birimizin ailə qurmamışdan öncə genetik testdən keçməsi vacibdir. Bunun üçün yaşın heç bir fərqi yoxdur. Onu da qeyd edim ki, müəyyən edilmiş genetik test insandan ömründə yalnız bir dəfə götürülür və ikinci dəfə nə zamansa götürülməsinə ehtiyac olmur”.