Press "Enter" to skip to content

Qardaş ölkənin Baş naziri Azərbaycandadır

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Qardaş Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycana gəlib. O, SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün Prezident İlham Əliyevin dəvətlisi olaraq gəlib.

Prezidentin mətbuat xidmətinin verdiyi xəbərə görə, İ.Əliyev ali qonaqla görüşüb.

Görüş zamanı V.Orban dəvət üçün İ.Əliyevə təşəkkür edib. Eyni zamanda Macarıstan xalqının salam və təbriklərini çatdıran qonaq bölgədə durumun sabitləşməsindən məmnunluğunu qeyd edib.

“Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluğunu ifadə etdi, ölkələrimizin ikitərəfli əsasda və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq etdiyini, həmçinin SPECA-nın işbirliyi üçün yeni format yaratdığını vurğuladı.

“Viktor Orban Macarıstanın Türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

“Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir.

“Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsinin böyük əhəmiyyətə malik olduğu qeyd edildi, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı vurğulandı.

“Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu. Azərbaycan ilə Macarıstan arasında iqtisadi-ticari, investisiya əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Bu baxımdan ölkələrimiz arasında enerji sahəsində icra olunan layihələrin önəmi xüsusi vurğulandı, turizm, əczaçılıq, nəqliyyat-logistika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.