BAYRAQDAR MEDIA – 2023-cü ilin yanvar-oktyabr aylarında sahibkarlar “Bakı KOB evi”nə daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət (204 min 520) ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 23-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “siyahıda növbəti yerləri 17 min 947 xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5 min 74 xidmətlə Dövlət Vergi Xidməti, 2 min 912 xidmətlə Dövlət Gömrük Komitəsi, 1 min 154 xidmətlə Fövqəladə Hallar Nazirliyi tutur. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan icazə, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər”.
Məlumata görə, ümumilikdə bu dövrdə “Bakı KOB evi”ndə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 248 min 262 xidmət göstərilib: “Bu xidmətlərin 233 min 735-i (94,15 fazi) dövlət qurumları, 14 min 527-si (5,85 faiz) isə özəl qurumlar tərəfindən göstərilib. Qeyd edək ki, “Bakı KOB evi”ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyəti zamanı zəruri olan 300-dən çox “G2B” və 15 özəl qurum tərəfindən 80-dən çox “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı və digər sənədlər, kommunal xidmətlərə qoşulma, vergi, gömrük, qida təhlükəsizliyi, aqrar sahə üçün subsidiyalar, bank, sığorta, daşıma, notariat və s. kimi xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər”.