Son yeniləmə: 23 Noyabr 2023 12:29
Məhəmməd Əl Bluşi: Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur
BAYRAQDAR MEDİA – Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müstəqilliyin 52-ci ildönümü tamam olur. Artıq bu münasibətlə BƏƏ-nin dünyanın müxtəlif yerlərindəki səfirliklərində rəsmi qəbullar v digər tədbirlər keçirilib.
Noyabrın 22-də isə Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – müstəqilliyin 52-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
Səfirlikdən verilən məluamat görə, tədbirdə əvvəlcə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən BƏƏ-nin səfiri Məhəmməd Əl Bluşi ölkəsinin inkişaf tarixindən danışıb.
Səfir çıxışında Azərbaycanla BƏƏ arasında əlaqələrin inkişafından da bəhs edib. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 ildən çox vaxt keçdiyini qeyd edib.
Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını bildirib: “Dövlət başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr qarşılıqlı əlaqələrin davamlı inkişafına öz müsbət təsirini göstərir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur. Ticari, iqtisadi, siyasi və mədəni əlaqələrin səviyyəsi getdikcə artır. Hər iki ölkənin vətəndaşları vizadan azad edilib. Biz bərpaolunan enerji, neft-qaz və digər sahələrdə əməkdaşlıq edirik. Bununla bağlı 40 sənəd imzalanıb”.
Səfir çıxışında, həmçini 2023-cü ilin BƏƏ-də “Davamlılıq ili” elan olunduğunu deyib. Qeyd olunub ki, BƏƏ dünya miqyasında davamlı iqtisadi inkişaf modeli yaradıb: “Milli sərvət baxımından BƏƏ beynəlxalq yardımın ən böyük donorlarından biridir”.
Məhəmməd Əl Bluşi çıxışının sonunda iki ölkə arasında münasibətlərin inkişafının yüksək səviyyəli tempdə davam edəcəyinə əminliyini bildirib.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev öncə Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edib.
Nazir çıxışında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz arasındakı əlaqələrin, təmasların getdikcə intensiv xarakter alır”.
Nazir onu da vurğulayıb ki, Azərbaycanla BƏƏ arasında bir sıra istiqamətlər kimi, tələbə mübadiləsində də əməkdaşlıq mövcuddur: “Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına imkan verir. Dövlət başçılarının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edərək dərinləşəcək”.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.