Press "Enter" to skip to content

TÜRKPA 15 illik yubileyini yaddaqalan tədbirlərlə qeyd etdi

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15 yaşı tamam olur

Son yeniləmə: 22 Noyabr 2023 18:19

Mehmet Süreyya Er: Heydər Əliyev siyasi kursunun öncül istiqamətlərindən biri türk dövlətləri arasında birlik, həmrəylik və əməkdaşlığın inkişafı ilə bağlı olub

BAYRAQDAR MEDİA – Bu bir həqiqətdir ki, hazırda türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsi, müxtəlif sahələrdə birgə addımların atılması, yeni mərkəzlərin yaranması bu yüksəlişi xarakterizə edən əsas amillərdəndir.

TÜRKPA 15 yaşında

Türk dünyasında gedən proseslərdə TÜRKPA xüsusi fəallıq nümayiş etdirib

Bu məqamda qeyd etmək yerinə düşər ki, türk dünyasının birliyində mühüm rol oynayan qurumlardan biri də Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA).

Təsadüfi deyil ki, türk dünyasında gedən proseslərdə TÜRKPA xüsusi fəallıq nümayiş etdirib və bu gün də etdirir. Məhz buna görə də sözügedən beynəlxalq qurumun gördüyü işlər üzv dövlətlər tərəfindən hər zaman dəstəklənib. TÜRKPA regional və beynəlxalq təşkilatlarla geniş əlaqələr qurub, münasibətlərini genişləndirir.

Bir sözlə, noyabrın 21-də yaranmasının 15 ili tamam olan TÜRKPA ötən müddət ərzində mühüm işlər görüb və türk dünyası birliyinə öz imzasını atıb. Məhz bu uğur fonunda da qurum 15 illik yubileyini Bakıda yaddaqalan tədbirlərlə qeyd etdi.

Məlumat üçün bildirək ki, noyabrın 21-də Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və TÜRKPA-nın 15 illiyinə həsr olunmuş konfrans keçirildi.

Birinci konfrans “Heydər Əliyev və parlamentarizm” mövzusunda, ikinci konfrans isə “TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər” mövzusunda oldu.

Bu günkü türk birliyinin qanuni əsası məhz Azərbaycanda qoyulub

Qurumun öz yubiley tədbirini Bakıda keçirməsi isə heç də təsadüfi deyil. Əvvəla, TÜRKPA-nın mənzil-qərargahı Bakıda yerləşir. İkincisi, bu gün türk dünyası birdir, bütövdür. Biz xoşbəxtik ki, bu birliyin, həmrəyliyin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində qoyulub. 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının artıq Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir.

“Heydər Əliyev və parlamentarizm” mövzusunda keçirilən birinci hissə
“Heydər Əliyev və parlamentarizm” mövzusunda keçirilən birinci hissə

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası isə məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Bir sözlə, bu günkü türk birliyinin qanuni əsası məhz Azərbaycanda qoyulub. Bu baxımdan da həm TÜRKPA-nın mənzil-qərargahənın Bakıda yerləşməsi, həm də bu qurumun 15 illik yubileyini Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və TÜRKPA-nın 15 illiyinə həsr olunmuş konfransla qeyd etməsi də Azərbaycanın, Ulu Öndər Heydər Əliyevin türk dünyaısnaın birliyinə verdiyi töhfədən irəli gəlir.

Məlumat üçün bildirək ki, Milli Məclisin deputatları, Türkiyənin, Qırğızıstanın, Kuzey Kıbrısın, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT), TÜRKSOY-un və Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndələrinin iştirak etdiyi konfransın birinci hissəsi “Heydər Əliyev və parlamentarizm” mövzusunda oldu.

Mehmet Süreyya Er
Mehmet Süreyya Er

Çıxış edən TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er Heydər Əliyevin Azərbaycan və türk dünyası qarşısındakı tarixi xidmətlərindən bəhs etdi.

Heydər Əliyev daim türk xalqlarının yaxınlaşmasının vacibliyini vurğulamışdır

Baş katib bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyətdə xalqın istəyi ilə dövlətə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev taleyüklü qərarları ilə Azərbaycanın uğurlu dövlət quruculuğu və inkişaf strategiyasını müəyyən edərək, onun müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin edib.

Çıxışda qeyd olundu ki, Heydər Əliyevin xalqın milli kimliyi, tarixi keçmişi və ana dilinə verdiyi önəm onun türk dünyasının birliyi istiqamətində yorulmaz fəaliyyəti ilə səsləşir: “Heydər Əliyev siyasi kursunun öncül istiqamətlərindən biri türk dövlətləri arasında birlik, həmrəylik və əməkdaşlığın inkişafı ilə bağlı olub. Böyük öndər türk dünyasının birliyi fikrini daim diqqət mərkəzində saxlamış və türk xalqlarının yaxınlaşmasının vacibliyini vurğulamışdır. Onun ardıcıl və məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına mühüm töhfə verib”.

Mehmet Süreyya Er: Böyük öndər türk dünyasının birliyi fikrini daim diqqət mərkəzində saxlayıb

Çıxışında parlamentlərin fəaliyyəti, parlamentarizimin inkişafının əhəmiyyətinə də toxunan Baş katib “Çevik mexanizm kimi parlament diplomatiyasının təqdim etdiyi imkanlar dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin xüsusi rolunu və çəkisini şərtləndirir. Parlament diplomatiyasının getdikcə artan rol oynadığı çağdaş dövrümüzdə səmərəli fəaliyyət göstərən güclü parlamentlərin mövcudluğu mühüm zərurətdir” deyib.

Baş katib bəhs edilənlər fonunda  Azərbaycan parlamentinin fəaliyyətinə də  nəzər salıb.

Dünyadakı hazırkı mürəkkəb vəziyyət türk dövlətlərinin birlikdə olmasını zərurətə çevirir

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Bekir Bozdağ Türkiyə, Azərbaycan və türk dünyasının digər ölkələrinin tarixi dostluqlarını, qardaşlıqlarını möhkəmləndirmək üçün çalışdıqlarını vurğuladı. O, hazırda Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər türk dövlətlərinin başçılarının əlaqələri genişləndirmək üçün genişmiqyaslı işlər gördüklərini diqqətə çatdırdı.

Bəkir Bozdağ
Bəkir Bozdağ

Parlamentlərarası əlaqələrin xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət göstərdiyini deyən B.Bozdağ əlavə etdi ki, dünyadakı hazırkı mürəkkəb vəziyyət türk dövlətlərinin birlikdə olmasını zərurətə çevirir.

Ümummilli Liderin türk dünyası ilə bağlı arzuları reallaşıb

Konfransın birinci hissəsində, həmçinin Qırğızıstanın Joqorku Keneşinin üzvü Dastanbek Cumabekov, Böyük Millət Məclisinin digər üzvü Ahmet Zenbilci, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış etdi. Çıxşlarda diqqətə çatdırıldı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində böyük işlər görüb. Onun hakimiyyətə gəlməsi ilə Azərbaycanda parlament inkişaf edib, əhalinin sosial rifahı yaxşılaşıb, iqtisadiyyat dirçəlib. Ümummilli Liderin vətənpərvərliyinin Qarabağın işğaldan azad edilməsində mühüm rolu olub. Belə bir ümumi fikir vurğlandı ki, bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki Ümummilli Liderin türk dünyası ilə bağlı arzuları reallaşıb.

Qlobal imperializmə qarşı mübarizə üçün türk dünyasının birgə əməkdaşlığı vacibdir

“TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər” mövzusunda keçirilən ikinci hissədə isə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er qurumun nüfuzlu regional və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmasını və bu əlaqələrin davamlı inkişafında maraqlı olduğunu xüsusilə vurğuladı.

Ardından türkdilli dövlətlərin deputatları TÜRKPA-nın fəaliyyəti və ümumilikdə türkdilli dövlətlər arasındakı əlaqələr barədə çıxışlar etdilər. Belə bir qənaət ifadə edildi ki, qlobal imperializmə, eyni zamanda, islamofobiyaya qarşı mübarizə üçün türk dünyasının birgə əməkdaşlığı vacibdir.

“TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər” mövzusunda keçirilən ikinci hissə
“TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər” mövzusunda keçirilən ikinci hissə

Natiqlər türk dünyasının birləşməsinin tarixi zərurətə çevrildiyini vurğuladıblar. Eyni zamanda, türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının önəmi qeyd olundu, bu barədə təkliflər səsləndirildi.

Konfrans TürkPA-nın keçmişi, bugünkü vəziyyəti və perspektivləri haqqında müzakirələrlə yekunlaşdı.

Qeyd edək ki, noyabrın 21-də TÜRKPA-nın 15 illiyi münasibətilə rəsmi qəbul da keçirilib.

Mission News Theme by Compete Themes.