BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Quzey Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Dövlət başçısı Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan olduğunu vurğulayıb.
Qonaq da öz növbəsində Azərbaycanın gözəl bir ölkə olduğunu qeyd edib. O, iki ölkə arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğulayıb. Leo Dokerti həmçinin deyib ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Güney Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.
İlham Əliyev də Böyük Britaniyanın Azərbaycanla əlaqələrindən məmnunluğunu ifadə edib, Güney Qafqazda sülhün vacibliyindən danışıb.