Son yeniləmə: 21 Noyabr 2023 13:32
BAYRAQDAR MEDİA – “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda təqdimat müsabiqəsinin final (şəhər) mərhələsi keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən müsabiqənin şəhər turunda müəllimlər müraciət etdikləri mövzunu münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edirlər.
BŞTİ-dən verilən məlumata görə təqdimatların qiymətləndirilməsi zamanı əsas meyarlar kimi mövzunun aktuallığı, yeniliyi, nəzəri və praktik uyğunluğu, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə, nəticə və təkliflər nəzərə alınır.
O da bildirilir ki, hər bir meyar üzrə iştirakçıya 5 bal verilir: “Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir”.