Press "Enter" to skip to content

TÜRKPA 15 yaşında

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15 yaşı tamam olur

Son yeniləmə: 21 Noyabr 2023 09:30

Mehmet Süreyya Er: 2008-ci ilin bu tarixində yaradılmış TÜRKPA 15 il ərzində özünəməxsus təkamül və inkişaf yolu keçib

BAYRAQDAR MEDİA – Noyabrın 21-də türk dünyasının birliyinə xidmət edən daha bir beynəlxalq qurumun – Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15 yaşı tamam olur.

Məlumat üçün bildirək ki, TÜRKPA 21 noyabr 2008-ci ildə Türkiyənin İstanbul şəhərinin Dolmabahçe Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I. plenar iclası keçirilib. Plenar iclasda TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilib.

Onu da bildirək ki, TÜRKPA-nın Baş katibi, səfir Mehmet Süreyya Er mesaj yayıb. Təşkilatın saytında yerləşdirilən mesajda deyilir: “15 il öncə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin imzaladığı İstanbul sazişi ilə 2008-ci ilin bu tarixində yaradılmış TÜRKPA 15 il ərzində özünəməxsus təkamül və inkişaf yolu keçib. 15 il ərzində təşkilatımızın fəaliyyəti getdikcə genişlənərək, zamanın tələbinə və artan vəzifələrinə uyğun olaraq, müxtəlif əməkdaşlıq mexanizmləri və formatlarının işə salınması ilə daha da zənginləşmişdir. Bu gün TÜRKPA türk əməkdaşlığının parlament ölçüsü kimi parlamentlərarası təşkilatlar arasında tanınan, türk dövlətləri parlamentlərinin işlək və səmərəli qarşılıqlı fəaliyyət məkanıdır”.

Baş katib, həmçinin mesajında “Əldə etdiyimiz nailiyyətlərin təməlində, təbii ki, hörmətli parlamentlərimizin sədrləri rəhbərliyində millət vəkillərimizin gərgin əməyi və zəhməti dayanır. Bununla əlaqədar olaraq inanıram ki, dövlətlərimizin bundan sonra da TÜRKPA-nın fəaliyyətinə verəcəyi dəstək təşkilatı daha da yüksək pillələrə qaldıracaqdır. Bu gün türk dünyasının birliyi, həmrəyliyi daha möhkəm, əməkdaşlığı daha fəaldır. Dövlət başçılarımızın türk əməkdaşlığına olan sarsılmaz iradəsi və qətiyyəti bizi yeni nailiyyətlərə və uğurlara doğru daha böyük səylə çalışmağa ilhamlandırır və TÜRKPA 15 ilin müsbət təcrübəsi və əməkdaşlıq əzmi ilə üzərinə düşən məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməyə davam edəcək” deyə qeyd edib.

Mission News Theme by Compete Themes.