BAYRAQDAR MEDİA – Bakıda “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Yada Daşı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Ictimai Birlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, mərasimdə çıxış edən İctimai Birliyin sədri, filmin layihə rəhbəri Nurlana Hacıyeva deyib: “Film qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda – Zəngəzurda dağıdılmış tarixi abidələrimiz və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edir. Peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin yerləşdiyi ərazilərdə yaşamış qərbi azərbaycanlıların xatirələrinin təqdim olunduğu “Yada Daşı” filmində müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək arxiv fotoşəkillərə, videokadrlara da geniş yer verilib”.
Mərasimdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ərsəyə gətirilən ekran əsərinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu film nəinki Qərbi azərbaycanlılar, bizim hər birimiz üçün xüsusi əhəmiyyət kəsb edir: “Əlbəttə, işlərimiz davam edəcək. Başqa planlarımız da var. Onların hər birini həyata keçirəcəyik”.
Milli Məclisin deputatı Musa Quliyev isə çıxışı zamanı yaradıcı heyətə təşəkkür edib: “Sanki o yerlərə gedib-gəldik. Bu, bizim ümummilli işimizdir. Artıq Qarabağ torpaqlarını işğaldan azad etmişik və Qərbi Azərbaycan yolu üzərindəyik”.
“Dədə ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərov isə çıxşında bildirib ki, “belə filmlər çox əhəmiyyətlidir. Bu cür filmlərlə biz tarix yaşatmış oluruq”.
Qeyd edək ki, layihənin əsas məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstək işinə töhfə verməkdir.