BAYRAQDAR MEDİA – Biz Bakıda – mərkəzdə oturub bəzən daha uzaqlara baxmağı unuduruq. Media olaraq diqqət kəsildiyimiz, haqqında yazdıqlarımız bir qayda olaraq mərkəzdəkilər olur. Amma arabir daha uzağa baxanda ölkəmizin uzaq-yaxın guşələrində parlaq insanların – fəalların az olmadığını da görə bilirik.
Qeyd olunanlar baxımından BAYRAQDAR MEDİA Bakıdan ayrılıb daha uzaqlara baxmağa çalışır. Çalışır və uğurları da az olmur. Biz istər Azərbaycanın bölgələri, istər türk dünyası, istərsə də geniş anlamda dünyanı görməyi çalışırıq. Elə o ovqatla da dəyərli oxucularımıza daha bir örnəyi təqdim edirik.
Şirvan, belə baxanda Bakıdan çox da uzaqda deyil. Aşağı-yuxarı 120 km-lik yoldur. Amma şəxsən mən bu qədər gəzən-görən birisi olaraq Şirvanda olmamışdım. O baxımdan bu şəhərə səfər etmək təşəbbüsü şəxsimə maraqlı gəlmişdi.
Uzun illərin dostu, qardaş qədər yaxın bildiyim kərküklü şair, yazar, araşdırmaçı Şəmsəddin Küzəci səbəb oldu bu səfərimizə. Daha doğrusu, onu ora dəvət edən xanım əfəndi.
Kimdir? O haqda danışacaq və maraqlı bir söhbəti təqdim edəcəyik. Ona qədərsə Şirvan səfərimizin ilkin səbəbləri haqqında danışmaq istərdik.
Beləliklə, bu ilin iyununda Bakıda keçirilən bir kitab sərgisi üçün Azərbaycana gələn dostumuz Şəmsəddin bəyi doğma kəndim Dədəliyə (Xaçmaz) aparmışdım. Bununla bağlı sosial mediada paylaşımlar da etdik. Çox maraqlı və yaddaqalan bir səfərimiz olmuşdu.
Bu səfərin ardından Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Nəsibqızı bizimlə əlaqə saxlayıb Şəmsəddin bəyi qonaq etmək istədiklərini bildirmişdi. Biz də bu istəyi yerinə yetirməyə hazırdıq, amma işlərin çoxluğu, vaxtın azlığı buna mane oldu. Ona görə də üzrxahlıq edib, “bir başqa vaxt” dedik…
Yola saldığımız oktyabr ayında Şəmsəddin bəy yenidən Azərbaycana gəldi. Özü də bir qədər uzunmüddətli səfərə. Onda düşündük ki, Nəsibə xanıma verdiyimiz sözü yerinə yetirə bilərik.
Sözümüzü tutduq. Sağ olsunlar, Nəsibə xanım və komandası da çevik reaksiya verdi, biz artıq oktyabrın 26-da Şirvanda idik.
Səfərimiz-görüşümüz Arxivdən başladı. Çay içdik, kollektivlə səmimi ortamda söhbət etdik, Şəmsəddin bəyin şeirlərini dinlədik. Hətta bir ağız zümzümə də etdi – mahnı oxudu.
Diqqətimizi çəkən o oldu ki, Nəsibə xanımın başçılıq etdiyi, kiçik kollektivi olan filialda nizam-intizam, səliqə-sahman yüksək səviyyədədir. İşçilər arasında münasibətlər, qarşılıqlı hörmət və anlaşma da az-çox təcrübəli birisi kimi şəxsimin diqqətindən yayına bilməzdi. Bunu yaxşı hal kimi qəbul edib özlüyümdə qərara gəldim ki, belə örnək yaratmış xanımla bir söhbət etmək, onu tanıtmaq heç də pis olmazdı.
Yeri gəlmişkən deyim ki, arxivlə, onun kollektivi ilə tanış olduqdan sonra Şirvan Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkdik. Şəhərin tarixi haqqında bilgi aldıq, eksponatlara baxdıq.
Eyni zamanda qısamüddətli də olsa Ana Kürün sahilinə endik, şəkil çəkdirdik.
Nəsibə xanımla söhbəti isə daha sonraya saxladıq.
…O, bir müddət sonra Bakıya gəldi, görüşdük. Fikir mübadiləsi apardıq və qərara gəldik ki, suallarımızı formalaşdırıb şəxsinə göndərək. Uyğun bildiyi vaxtda, uyğun bildiyi şəkildə cavab versin, biz də dəyərli oxucularımıza təqdim edək.
TANIŞLIQ: Nəsibə Nəsibqızı Goranboyun Qızılhacılı qəsəbəsində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Ailə qurması səbəbindən Şirvana köçməli olub. 2011-ci ildən arxiv sahəsində işləyir: 2011-2015-ci illərdə arxivdə böyük fond mühafizəçisi, 2015-2022-ci illərdə aparıcı arxivçi olub. 2022-ci ilin iyunundan direktor vəzifəsini müvəqqəti icra edib və 2023-cü ilin yanvarından Dövlət Arxivi Şirvan filialının direktoru təyin edilib.
Bizim “sizi necə təqdim edəcəyik” sualımıza cavabı maraqlı, həm də sadədir. Deyir ki, “Nəsibə arxiv” deyə bilərsiniz. Hər halda işinə vurğunluğundandır ki, belə təqdim edilməsini uyğun görür.
Jurnalistika məzunu olsa da arxiv sahəsinə təsadüfən gəldiyini deyir həmsöhbətimiz. Onu da qeyd edir ki, jurnalistika onun üçün bir ideal olub. Amma həyat insanı bəzən heç ağlına gəlməyən istiqamətdə apara bilir.
Nəsibə xanım əlavə edir ki, arxiv sahəsində işləməyinə görə özünü məmnun hiss edir. Həm də böyük bir etimaddır bu: “Böyük bir fondun – o vaxtlar mühafizəxanamızda 398 fond və 28 min 933 sənəd var idi; hazırda isə 450 fond və 40 min sənəd mühafizə olunur – açarını verib izah edirlər ki, mühafizəçisi sənsən. Əvvəlcə sarı kağızların tozunu silə-silə sənədləri araşdırdım. Özündə tarixlə bərabər çoxlu insan izləri daşıyan sənədləri araşdırdıqca sevdim, sevdikcə daha möhkəm mühafizə etdim. Bir il sonra hiss etdim ki, mən artıq arxivçiyəm”.
Filialdakı səliqə-sahman, nizam-intizamın səbəbinə gəlincə, həmsöhbətim qeyd edir ki, bunun səbəbi qadın nəfəsidir: “Kollektivimiz qadınlardan ibarət olduğuna görə bu qənaətiniz normaldır. Qadın nəfəsi dəyən yerdə səliqə-sahman qaçılmaz olmalıdır. Nizam-intizamı olmayan kollektiv isə heç bir nailiyyət əldə edə bilməz”.
Düz deyir. Xanımlarımızın səliqə-sahman məsələsində həssas olması sübuta ehtiyacı olmayan təzahürdür. Doğrudan da nizam-intizam, xanımların səliqəsi olmadan olmaz. Nəsibə xanım öz kiçik kollektivi ilə buna nail olmağı bacarıb və yaxşı bir örnək təqdim edir.
Yeri gəlmişkən, sahə ilə dərin tanışlığı olmayan insanlar üçün arxivin nə olduğuna aydınlıq gətirilməsini də istəyirik həmsöhbətimizdən. O da bir peşəkar kimi bunu izah edir: “Əslində işimizin bir parçası da arxivləri, onların fəaliyyətini cəmiyyətə tanıtmaqdır. Bu sualı məktəblilərə, ictimaiyyətə çox ünvanlamışıq. Cavabları ümumiləşdirsək, bu alınıb: “köhnə kağız-kuğuz saxlanılan yer“. Bax, biz bu yanaşmanı dəyişmək üçün hər il məktəblilər, eləcə də ictimaiyyət üçün sərgilər, açıq qapı günləri, elm adamları, tanınmış ziyalılarla görüşlər təşkil edirik. Mətbuatda sənədlərimizə əsaslanan məqalələr dərc etdiririk. Arxivlərin fəaliyyəti barədə bacardıqca məlumat verməyə çalışırıq. Arxivlər yeganə diri olan məkandır. Orada tarix yaşayır. Arxivin mahiyyətini anlayan-anlamayan indiki insanlar 100 il sonra olmayacaq. Amma hər dövrün insanının fəaliyyətini özündə daşıyan arxiv yeni nəsil üçün var olacaqdır. Bir sözlə, arxiv yaddaşdır, tarixdir”.
Onu da qeyd edək ki, bizim səfərimiz zamanı da filialda bir sərgi təşkil edilmişdi. 18 oktyabr – 09 noyabr tarixlərini əhatə edən sərgi “Müstəqil ölkəmin qəhrəman oğulları” adlanırdı. Burada Qarabağ döyüşlərinin qəhrəmanları haqqında sənədlər, eksponatlar nümayiş olunurdu. Nə gizlədim, şəxsən mənim üçün maraqlı idi. Hələ igid döyüşçülərin öz əlləri ilə yazdığı qeydlər, məktublar, ayrı-ayrı sənədlər insanı biganə qoya bilməzdi ki, biz də biganə olmadıq.
Bir də işin sanki cansıxıcı olması var arxivdə. Bilmirəm, bəlkə də kənar şəxs kimi mənə elə gəlir. Amma hər halda bunun belə olub-olmadığını yenə də arxiv peşəkarı deyə bilər. Nəsibə xanım bu sualımıza özünəməxsus əminliklə cavab verir: “Qətiyyən! Mən işimi çox sevirəm, əməkdaşlarımıza da hər zaman işi sevdirməyə çalışıram. Bayram günləri, istirahət günləri olduqda biz arxiv üçün darıxırıq. İşçilərin, “biz evdə yoruluruq, işdə dincəlirik” deməsi məni xoşbəxt edir. Sizin soyuq səslə dediyiniz “sənədlər” ifadəsi bizim üçün “övlad” kimi şirin səslənir. Təsəvvür edin, bir kitabın (arxiv termini ilə desək bir işin) ərsəyə gəlməsi üçün biz sənədləri seçirik, ekspertiza edirik, tikirik, nömrələyirik, üzləyirik, siyahıya alırıq, siyahıları fondda qruplaşdırırıq. Qısası, əmək sərf edirik. İnsan əməyini hər zaman sevir, əməyinin bəhrəsinə sevgi ilə diqqət göstərir”.
Belə! İş insanın cövhəridir deyirlər axı. Biz də Şirvan arxivindəki pozitiv ovqatı, işçilərin qarşılıqlı münasibətlərini elə bu cövhərə – yaradılan ortama borcluyuq yəqin ki.
Bir də belə bir sualımız oldu: Şirvanda arxiv müdiri olmağın nəsə bir özəlliyi varmı?
Həmsöhbətimizin cavabı bu dəfə də maraqlıdır: “Harada və hansı işdə olmağın yox, olduğun yerdə vicdanlı işçi olmağın özü bir özəllikdir”. Qısa, konkret və yetərincə əhatəli bir cavab!
Diqqətimizi çəkən əsas məsələyə gəlirik. Nəsibə xanım rəsmən vəzifəsi olan işindən əlavə həm də ictimai fəallığı ilə seçilir axı. Az-çox izlədiyimizə əsaslanıb deyirik ki, istər Şirvan şəhərinin özündə, istərsə də elə paytaxt Bakıda və ondan da uzaqlarda onun və kollektivinin fəallığı diqqət çəkməyə bilməz. Yeri gələndə kollektivlə birlikdə istirahət etməyi, yeri gələndə ümumi faydalı ictimai işləri, dövlətin vacib siyasi qərarlarının yerinə yetirilməsinə töhfə verməyi də bacarır o və kollektivi. Elə növbəti sualımız da bu yöndədir.
“Bir də diqqətimi çəkən başqa bir məsələ – ictimai fəallığınız var. Bu qədər işin içində üstəlik ictimai işlərlə də məşğulsunuz. Görürük ki, müxtəlif tədbirlərdə iştirak edirsiniz, hələ özünüz də tədbirlər təşkil edirsiniz” deyə soruşuruq.
Yenə də konkret bir cavab alırıq: “Bu, hər birimizin vətəndaşlıq borcudur. Hər bir vətənsevər bacardığı qədər fəaliyyət göstərməli, dövlətimizi, dövlətçiliyimizi, bu amal uğrunda canından keçən oğullarımızı təbliğ etməlidir. Düşünürəm ki, həm də biz – xüsusilə də qadınlar fəallığımızla yetişən gənc qızlar üçün stimul olmalıyıq”.
Maraqlı bir yanaşma: “yetişən gənc qızlar üçün stimul”. Əslinə qalanda bu sözlər böyük bir problemə diqqət çəkmək baxımından önəmlidir. Bəllidir ki, ölkəmizdə bəzən azyaşlı qızları məktəbdən uzaqlaşdıran, kiçik yaşda ərə verən, qadınların cəmiyyət içinə çıxmasını əngəlləyən zehniyyət hələ də qalır. Bu baxımdan Nəsibə xanımın özü və kollektivindəki xanımlar yaxşı örnək təşkil edir. Doğrudan da qadın cəmiyyət içində olmaqla yaxşı örnək, başqaları üçün stimul təşkil etməlidir. Nə deyirəm? Bunu bacardığınız göz qabağındadır, Nəsibə xanım.
Bir də insanların arxivlərə daha diqqətli yanaşması üçün deyə biləcəyi sehrli sözü soruşuruq həmsöhbətimizdən. Deyir ki, ən sehrli sözü Ulu Öndər Heydər Əliyev deyib: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”. Nəsibə xanım bu sözlərə nəsə əlavə etməyə lüzum görmür.
Bilirəm ki, həmsöhbətimlə uzun-uzun danışa bilərik. Verəcəyimiz suallara cavabları da olduqca əhatəli, həm də lakonikdir. Bu da bir peşəkarlıq göstəricisidir. Amma sonda ayrıca vurğulamaq istədiyim məqamlar var. Nəsibə xanım şəhidlərin şəxsi fondunun təşəbbüskarıdır. Eyni zamanda şəhər ziyalıları haqqında ayrıca fond yaradıblar. Yəni bunlar Şirvan arxivi üçün ilkdir. İlk olmaqla bərabər olduqca vacibdir. Söhbət əsnasında onu da öyrəndik ki, şəhid ailələrini, qaziləri də tez-tez ziyarət edirlər. Özü də bunu bir iş tapşırığı, vəzifə borcu kimi deyil, vətəndaş həssaslığından dolayı edirlər. Elə əsas da budur: vətəndaş həssaslığı!
Vətəndaşı həssas olan dövlətsə, əlbəttə ki, daha da inkişaf edəcək, möhkəmlənəcək. Buna töhfə verənlər isə hər zaman seçiləcək, öndə olacaq, hörmət görəcək. Nəsibə Nəsibqızı kimi.