Press "Enter" to skip to content

Ekspert vaxtından əvvəl doğulan körpələr haqqında

Rüstəm Hüseynov

Səhiyyə Nazirliyinin eksperti, neanotoloq Rüstəm Hüseynov: Vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov vaxtından əvvəl doğulan körpələr, onların gələcəkdə qarşılaşdıqları problemlər və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “neanotoloq öncə hansı körpələrin vaxtından əvvəl doğulmuş hesab olunduğu haqda danışıb. Bildirib ki, vaxtından əvvəl doğulmuş körpələr hamiləliyin 37-ci tam həftəsindən az müddətdə, yəni hamiləliyin 260-cı günündən əvvəl doğulmuş uşaqlardır. Həmçinin o deyib ki, dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu, orta hesabla hər 10-cu doğulan uşaq deməkdir. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların 8-12 %-ni təşkil edir”.

R.Hüseynov qeyd edib ki, Azərbaycanda vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir: “Müvafiq dövlət proqramlarında, yeni perinatal konsepsiyada vaxtından əvvəl doğulmuşlara xüsusi yer ayrılır. Neonatologiya sahəsində ciddi irəliləyişlər qeyd olunur, müəssisələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün kifayət qədər yardım göstərilir, kadr potensialı artırılır. Bundan əvvəlki illərdə, təqribən 15-20 il öncə vaxtından əvvəl doğulmuşlara xas olan, müalicəsində ciddi çətinliklər qeyd olunduğu xəstəliklərin müasir dövrümüzdə həlli yolları mümkün olub. Məsələn, müxtəlif müəssisələrimizdə bu qrup uşaqlarda cərrahi əmliyyatların aparılması (nekrozlaşan enterokolit, qida borusunun atreziyası və s. ilə bağlı), tənəffüs sistemi ilə bağlı xəstəliklər üçün əvəzedici terapiyaya aid surfaktant preparatının istifadə olunması, həmçinin mərkəzi sinir sisteminin inkişafı üçün istifadə olunan, tənəffüsə dəstək olan kofein sitratın tətbiq olunması buna nümunədir”.

Gələcəkdə bu uşaqların hansı tibbi problemlərlə qarşılaşdığı haqda danışan ekspert deyib ki, bu körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır: “Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar”.

Neanotoloq onu da bildirib ki, vaxtından əvvəl doğuşların qarşısını almaq üçün qız uşaqlarının sağlam fiziki inkişafına, yeniyetməlik dövründəki xüsusiyyətlərinə diqqət yetirilməli, onların inkişaf mərhələlərində rastlaşdığı səhhəti ilə bağlı, qarşısı alınmalı, profilaktik tədbirlər həyata keçirilməlidir. Həmçinin o, hamiləlik dövründə ilk həftələrdən qadının həkim nəzarətində və mütəmadi lazım olan müayinələrdən keçməsinin vacib olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.