Press "Enter" to skip to content

“Xarıbülbülün qərənfilə müjdəsi” təqdim edilib – VİDEO

Xarıbülbülün qərənfilə müjdəsi

Son yeniləmə: 27 Noyabr 2023 12:27

BAYRAQDAR MEDİA – Son günlər kitab təqdimatları ilə zəngindir. O baxımdan kitab həvəskarları yaxşı mənada boş vaxt tapa bilmirlər.

Belə təqdimatlardan daha biri Bakıda keçirilib. Bu dəfə təqdim edilən kitab adının orijinallığı ilə də seçilib.

“Xarıbülbülün qərənfilə müjdəsi” adlı kitabın müəllifləri Bakının Binəqədi rayonundakı 3 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət və eyni məktəbin biologiya müəllimi Gülnarə Musayevadır.

Kitab Azərbaycanın dilbər guşəsi – uzun illər Ermənistanın işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzurun flora və faunası haqqındadır. Müəlliflər eyni zamanda o torpaqların tarixinə də ekskurs edir, tanınmış şəxsləri haqqında qısa bilgi verir.

Ensiklopedik bilgilərlə zəngin kitabın ön söz müəllifi Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar jurnalist Rəşad Məciddir.

Rəşad Məcid
Rəşad Məcid

Almaz Həsrət təqdimat çıxışında bildirib ki, belə bir kitabın yazılması, əslinə qalanda Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə görə mümkün olub. Müəllif deyib ki, həmkarı Gülnarə xanımın paylaşdığı fikirləri nəzərə alaraq belə bir kitab yazılması təşəbbüsü ilə çıxış edib. Müəlliflər adı da məhz buna uyğun seçiblər.

Daha sonra çıxış edən Gülnarə Musayeva da qeyd edib ki, 1990-cı ilin qanlı yanvarında qardaşının şəhid edilməsi daim onun ürəyində nisgil kimi qalıb. O, həm qardaşının, həm də Azərbaycan torpaqları uğrunda şəhid olmuş digər igidlərin ruhunu şad eləmək üçün özünü daim borclu bilib. Ona görə də belə bir kitab yazmaq təşəbbüsünə könül verib.

Gülnarə Musayeva çıxış edərkən şəhid qardaşının yas mərasimindən qalan örtüyü çiyninə atması ilə diqqət çəkib. O, bildirib ki, həmin örtüyü saxladığı sandıqdan məhz bu gün çıxarıb. Müəllif çıxışının sonunda qalib Azərbaycan vətəndaşı olmasına işarə edərək qara örtüyü çiynindən açıb, Azərbaycanın üçrəngli bayrağını fəxrlə başı üzərinə qaldırıb.

Bundan sonra müəlliflər ilk sözü ön söz müəllifinə verib. Rəşad Məcid müəlliflərin Qarabağlı olmadan Qarabağ haqqında belə bir kitab yazmasına diqqət çəkərək bildirib ki, bu əsərin ərsəyə gəlməsi üçün onu yazanların özlərini Qarabağlı hiss etməsi lazım idi. O, müəlliflərin bunu yüksək səviyyədə bacardıqlarını deyib. Özünün Qarabağ xatirələrindən danışan natiq kitabdakı yanaşmanı təqdir etdiyini vurğulayıb.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının nümayəndəsi Rahil Şükürov da müəllifləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

Rahil Şükürov müəlliflərlə
Rahil Şükürov müəlliflərlə

Növbəti çıxış edən Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru, Türk Dünyası Araşdırmaları Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim, “Əmək” ordenli Məcnun Babayev işlədiyi universitetdə bir zamanlar dərs dediyi məzunların cəmiyyətdə özlərini yaxşı mənada tanıtmasından qürur hissi keçirdiyini bildirib. O, qeyd edib ki, hər iki müəllif onlara göstərilən etimadı yetərincə doğruldur. Natiq, həmçinin qeyd edib ki, müəlliflər olduqca vacib bir mövzuya müraciət ediblər.

Prof. Məcnun Babayev və Mailə İsmayılova müəllifləri təbrik edir
Prof. Məcnun Babayev və Mailə İsmayılova müəllifləri təbrik edir

Bir sonrakı çıxışçı – “Tətbiqi Sənət Nümunələrinin Qorunması və Təbliğinə Yardım” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə departament rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı yeni kitabın müəlliflərinin həm ad seçiminə, həm də müraciət etdikləri mövzuya özünəməxsus şərh verərək bildirib ki, bu əsər film üçün əla mövzudur.

Sərdarlılar ailəsi müəlliflərlə
Sərdarlılar ailəsi müəlliflərlə

Təhsil eksperti, “Məktəb guşəsi” jurnalının rəhbəri Məzahir Məmmədli isə müəllimlərin həm də bu cür çalışmalarının təqdir olunmasını vurğulayıb.

Daha bir çıxışçı – 2-ci Qarabağ Savaşının veteranı, müəllim Muraz Sadıxov bir döyüşçü olaraq belə bir mövzuda kitabın ərsəyə gəlməsinə çox sevindiyini deyib.

Muraz Sadıqov və Məzahir Məmmədli müəlliflərlə
Muraz Sadıqov və Məzahir Məmmədli müəlliflərlə

Binəqədidəki 102 nömrəli məktəbin direktoru Mailə İsmayılova da çıxışında həmkarlarının uğuruna sevindiyini deyib. O, qeyd edib ki, müəllimlərin dərs və məktəbdən əlavə olaraq belə fəaliyyətləri də təqdirəlayiqdir və müəlliflər yaxşı örnək təşkil edir.

Prokuror Məmməd Əliyev
Prokuror Məmməd Əliyev

Təqdimatda müəllifləri təbrik edənlərin arasında Azərbaycan Respublikası Baş Prokurorluğu xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru, Həzi Aslanov və Səməd bəy Mehmandarov adına qızıl medalların mükafatçısı, ədliyyə müşaviri, polkovnik Məmməd Əliyev də olub. O da öz növbəsində müəlliflərin toxunduğu mövzu, özəlliklə də müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan xalqının yüksəldiyi zirvə haqqında fikirlərini paylaşıb. Məmməd Əliyev müəllifləri təbrik edərək seçilən mövzunun təqdirəlayiq olduğunu da qeyd edib.

Müəlliflərin həyat yoldaşları da onların sevincini paylaşır
Müəlliflərin həyat yoldaşları da onların sevincini paylaşır

Təqdimatda BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət, həmçinin 3 nömrəli məktəbin kollektiv üzvləri və başqa qonaqlar da çıxış edərək ürək sözlərini deyiblər.

Mission News Theme by Compete Themes.