BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində “Yaradıcı Həftə” təşkil ediləcək.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Mədəni və yaradıcı cəmiyyətin inkişafının təşviqi” fəaliyyət istiqaməti üzrə reallaşdırılacaq. Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir”.
Sonra xəbərdə deyilir ki, “müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklərin iştirakı ilə təşkil olunan bu həftə çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək, Azərbaycanda ilk dəfə “Musiqi Sənayesi Platforması”nın yaradılması istiqamətində addımlar atılacaq”.
Eyni zamanda “Yaradıcı Həftə”də kreativ məhsulların sərgisi, hakatonlar, yaradıcı diskusiyalar, müsabiqələr, festivallar, təqdimatlar və digər tədbirlərin keçirilməsi planlaşdırılır.