BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi, uzun illərdir bir zamanların nüfuzlu media mükafatı olan “Qızıl qələm” dəxli olmayan adamların əlində sui-istifadə predmetinə çevrilmişdi. Bununla bağlı davamlı şəkildə həyəcan təbili çalınsa da bu “qələm”in arxasında gizlənənlər öz əməllərindən qalmırdılar. Amma hər şeyin bir sonu olduğu kimi bunun da sonu olmalıydı.
Məsələylə bağlı noyabrın 17-də Azərbaycan Mətbuat Şurası məlumat yayaraq bildirib ki, artıq “Qızıl qələm”dən sui-istifadəyə son qoyulub.
Qurumdan BAYRADQDAR MEDİA-ya daxil olan xəbərdə deyilir: “Vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi “Qızıl qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirmiş, cəmiyyətdə haqlı narazılığa səbəb olmuşdur”.
Daha sonra bildirilir ki, “MŞ jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən bu məsələyə biganə qala bilməzdi. Buna görə də MŞ-nın tapşırığıyla quruma faktiki rəhbərlik edən Çingiz Qurbanoğlu Şuraya dəvət olunmuş, icraçı katibin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırmışdır”.
Ardından da qeyd edilir ki, nəticədə Çingiz Qurbanoğlu Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayaraq mükafatın təqdimatını dayandırdıqlarını bəyan etmişdir.
MŞ sözügedən müraciətin qısa mətnini də xəbərə əlavə edib: “Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi “Qızıl qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin MŞ-nın tövsiyələrini nəzərə alaraq KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm”.
“Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir, yeri gəlmişkən, digər ictimai qurumlara da müraciət edərək media adıyla mükafatlar verilməsində ehtiyatlı davranmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır”, – deyə xəbərdə bildirilir.