BAYRAQDAR MEDİA – Artıq bir neçə gündür ki, Azərbaycan ictimai rəyində – mediada 1992-ci ildə Qazaxıstandan qaçaraq Azərbaycana gəlmiş, burada könüllü olaraq orduya qoşulub Ermənistan işğalına qarşı vuruşmuş 18 yaşlı qazax balası Yerbol Turexanuli haqqında paylaşım və yazılar geniş yayımlanır. Yerbol iki ilə yaxın bir müddətdə Azərbaycan Ordusu sıralarında vuruşaraq 1994-cü ildə kişi kimi şəhid olmuş, Bakıdakı 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qazaxıstanlı ictimai xadim, yazar, araşdırmaçı Nəsixə Gumarqızı bu igid qazax gənci ilə bağlı araşdırma apararaq “Yerbol – Qarabağ şəhidi” adlı sənədli kitab yazıb. Həmin kitab bir neçə dəfə Qazaxıstanda təqdim edilib. Bugünlərdə isə AMEA Mərkəzi Elmi Kitabxanasında kitabın təntənəli təqdimatı keçirilib.
Nəsixə xanım təqdimat üçün Azərbaycana gələrkən özüylə birlikdə şəhid Yerbolun qardaşı Nurbolu və onun balaca oğlu Yerbolatı da gətirib.
Məhz balaca Yerbolat noyabrın 16-da Bakının Binəqədi rayonundakı 3 nömrəli məktəbin qonağı olub.
Məktəbdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, balaca Yerbolatla birlikdə onun əmisi – şəhid qardaşı Nurbol, həmçinin sözügedən kitabın müəllifi Nəsixə xanım və onun oğlu Talqat təhsil ocağını ziyarət edib. Ziyarətdən məqsəd ilk dəfə Azərbaycana gəlmiş balaca Yerbolata ölkədəki təhsil sisteminin bir parçasını göstərmək olub.
Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət balaca qonağa və onu müşayiət edən şəxslərə məktəb haqqında məlumat verib. O, bildirib ki, rəhbərlik etdiyi məktəbdə vətənpərvərlik məsələləri, həmçinin bu yöndə dövlətin apardığı siyasət ən yüksək səviyyədə təlim edilir.
Direktor həmçinin qonaqları məktəbdə gəzdirib, onları əyani şəkildə təhsil ocağı ilə tanış edib.
Qonaqlar da öz növbəsində Azərbaycan təhsil sisteminin belə örnək məktəbini ziyarət etməkdən, tanışlıqdan məmnunluq bildiriblər. Balaca Yerbolat isə gördüklərindən sadəcə çox şad olub, onun uşaq qəlbinin sevincdən necə döyündüyü, gözlərinin işıqlandığı nəzərdən qaçmayıb.
Nəsixə xanım, həmçinin özü də bir müəllim olan Nurbol məktəblə bağlı xoş sözlər deyib, bu ziyarətin onlarda əvəzedilməz təəssürat yaratdığını qeyd ediblər.
Sonda qonaqlarla çay süfrəsində fikir mübadiləsi aparılıb. Nəsixə Gumarqızı “Yerbol – Qarabağ şəhidi” kitabını məktəbə hədiyyə edib. Məktəb də öz növbəsində Yerbolata və qonaqlara xatirə hədiyyələri təqdim edib.