BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı noyabrın 16-da Qax şəhərinə səfəri edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Kuklaçılar Qax Dövlət Kukla Teatrı səhnəsində repertuarlarındakı son nümunələrdən olan “Üç donuz balası” tamaşası ilə çıxış ediblər. Qayğısız üç donuz balasından bəhs edilən əsərdə rejissor üç fərqli xarakterdə qəhrəman sayəsində uşaqlara əməksevərlik, tənbəllik və xudbinlik kimi keyfiyyətlərin xarakterə nə qədər böyük təsir etdiyini üzə çıxardır. Nağıl Nif-Nif, Nuf-Nuf və Naf-Naf adlı üç qardaşdan bəhs edir. Uşaqlara əməksevərlik, əzmkarlıq və qorxmazlıq aşılayan tamaşa qəhrəmanların başına gələn komik, həm də ibrətamiz hadisələrlə zəngindir”.
Sonra xəbərdə, “birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır. “Üç donuz balası”nın personajlarını teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Yasin …, Elgün Həmidov, Cavid Telman, Araz Həsənov və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal hərəkətə gətiriblər”.
Klassik nağıla daha iki personaj əlavə edən yaradıcı heyət nümunəni müasir uşaqların zövqünə uyğunlaşdırmağa çalışıblar. Quruluşa müxtəlif texniki vasitələr sayəsində animasiya elementləri qatmaqla tamaşa içində interaktiv oyun da sınaqdan keçirilib. Rejissor ümumilikdə ikisi canlı plan olmaqla səkkiz kukla ilə qurulan tamaşanın əsas oyun-ifadə üslubunu daha çox kiçik ölçülü (50 sm-lik) kuklaların plastik və musiqi ritmləri ilə ahəngdar tərzdə quruluşuna meyl edərək balaca tamaşaçıların daha çox diqqətini cəlb etməyə çalışıb. Bununla da uşaqlar mətn, aktyor oyunu və musiqinin köməyi ilə nağılın ehtiva etdiyi əsas məqamları müxtəlif təqdimatlarla daha yaxşı qavramış olurlar.
Qaxlı azyaşlılar üçün fərqli texnika və üslubun təqdimatı olan tamaşa böyük maraqla qarşılanıb.