Son yeniləmə: 17 Noyabr 2023 11:01
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Girne şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya tədbirin təşkilatçısı olan Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətindən məlumat verilib.
Məlumata görə, tədbirdə KKTC hökumətinin, yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu möhtəşəm bayram münasibətilə təbriklərini çatdırıb: “Bu misilsiz və parlaq Zəfər əzəli torpaqlarımızı həyatları bahasına qaytaran, şəhadət zirvəsinə yüksəlmiş şəhidlərimizin və qazilərimizin yazdığı qəhrəmanlıq salnaməsidir. Qəhrəman Azərbaycan əsgəri təkcə Vətənimiz üçün deyil, bütün region üçün təhlükə olan erməni faşizminin başını əzərək, sülhün, əmin-amanlığın, azadlıq və rifahın təminatçısına çevrildi. Azərbaycan xalqına bu tarixi qələbəni yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, xalqımızın birliyi sayəsində bu günləri görürük”.
Cəmiyyət sədri eyni zamanda diasporun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə geniş iş apardığını xatırladıb.
Məlumata əsasən, KKTC-nin baş naziri Ünal Üstel, Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyasının sədri Savaş Ünal çıxışlarında bütün türk dünyasını sevindirən xalqımıza xoş arzularını bildiriblər. Türkiyə və Azərbaycan birliyinin əhəmiyyətindən söz açıblar.
Baş nazir Ü.Üstel çıxışında bir müddət öncə Azərbaycanda səfərdə olduqlarını da xatırladıb: “Prezident İlham Əliyevin Azərbaycanda apardığı işlərlə yaxından tanış olduq. Sözün tam anlamı ilə qürur hissi yaşadıq. Qısa zamanda bu qədər beynəlxalq nüfuz əldə etmək onun mükəmməl dövlət adamı və lider olmasının nəticəsidir. Biz Azərbaycanla qarşılıqlı əlaqələr qurmaqdan böyük məmnuniyyət hissi yaşayacağıq. Türk dövlətlərinin birliyi bizi gələcəyə güclü dövlətlər olaraq çıxaracaq”.
Tədbir Azərbaycan və Türkiyə sənətçilərinin ifasında konsert proqramı ilə başa çatıb.
Çox sayıda soydaşlarımızın iştrak etdiyi mərasimdə Naxçıvan Dövlət Flarmoniyasının solistləri, əməkdar artist Zülfüqar Mahmudov, Əfsanə Babayeva və Nərmin Hüseynova Azərbaycan milli musiqiləri ilə qonaqlara xoş anlar yaşadıblar. Təntənəli mərasimdə həmçinin Bolqarıstan xalq artisti Fəxriyə Güney, Türkiyəli ozan Zübeyir Daraz və azərbaycanlı musqiçi Samir Abdullayev müxtəlif musiqi nömrələri sərgiləyiblər.