Press "Enter" to skip to content

Azərbaycanı sərgidə 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir

Sərgidən xatirə fotosu

Son yeniləmə: 17 Noyabr 2023 10:16

BAYRAQDAR MEDİA – Azərbaycanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə Özbəkistanın Daşkənd şəhərində “İpək Yolu üzərində turizm” mövzusuna həsr edilmiş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TIFF) təmsil olunur.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “milli stenddə Azərbaycanı ümumilikdə 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir. Sərgi ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir, xarici turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir. Sərgi çərçivəsində keçirilən sessiya zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə İpək Yolunun turizm məhsuluna çevrilməsinin əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib”.

Qeyd edilib ki, Daşkənd Beynəlxalq Turizm Sərgisi (TIFF) Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur: “Noyabrın 17-dək davam edəcək sərgidə 1500 iştirakçının, dünyanın bir sıra ölkələrindən ümumilikdə 15 mindən çox ziyarətçi və turizm sənayesi nümayəndəsinin qatılacağı gözlənilir”.

Mission News Theme by Compete Themes.