Son yeniləmə: 16 Noyabr 2023 11:03
BAYRAQDAR MEDİA – Türk Dünyası Yörük Türkmən Birliyinin hazırladığı və Çinin Doğu Türküstanda uyğur türklərinə illərdir tətbiq etdiyi sistematik işgəncə və soyqırımdan bəhs edən “Sessiz Çığlık: Bir Soyqırım Hikayesi” sənədli filminin qalası Bursada olub.
Kirim Haber Ajansının məlumatına görə, Tayyare Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türk Dünyası Yörük Türkmən Birliyinin sədri İrfan Tatlıoğlu, Şəhər Şurasının sədri Şevkət Orhan, Əmək və Sosial Müdafiə Nazirliyinin keçmiş müşaviri Fatih Acar, MHP Nilüfer İlçe Başkanvekili Veysel Çermi və çox sayda bursalı vətəndaş iştirak edib.
Mərasimdə çıxış edən Türk Dünyası Yörük Türkmən Birliyinin baş katibi Cemal Akkuş Doğu Türküstandakı zülmün 1940-cı illərdən başladığını bildirib.
Çıxış edən Uludağ Universiteti Uyğur Tələbə Nümayəndəsi Abdurrahim Haliloğlu, “Vətənimiz indi işğal altında ola bilər, amma bilirik ki, bir gün haqq qalib gələcək, batil yox olacaq. Həm sevindiyimiz, həm də kədərli olduğumuz bu gündə bizi unutmadığınız və yanımızda olduğunuz üçün bütün uyğur türk tələbələri adından sizə minnətdarlığımı bildirirəm” deyib.