Press "Enter" to skip to content

Kitab tanıtma: “İlk Azərbaycan romanları”

İlk Azərbaycan romanları

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifovanın müəllifi olduğu “İlk Azərbaycan romanları” monoqrafiyasıdır.

Nəşr AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 oktyabr 2023-cü il tarixli iclasının (5 saylı protokol) qərarı ilə çapa tövsiyə olunub.

Monoqrafiya ilk dəfə 1988-ci ildə, kiril qrafikası ilə “Elm” nəşriyyatında isiq üzü görüb, bəzi qısa düzəlişlər əlavə edilməklə, təkrar nəşr edilib.

Monoqrafiyada Azərbaycan romanlarının formalaşma tarixçəsi va inkişaf yoluna, özünəməxsus milli özəlliklərinə aydınlıq gətirilib, Azərbaycan romanının qaynaqları, ilk roman örnəkləri, yeni tipli ilk Azərbaycan romanları araşdırılıb, onların mövzu, süjet, kompozisiya, obraz, xarakter, janr, dil, üslub və s. məsələləri nəzərdən keçirilib.

M.F.Axundzadə, M.Talıbov, Z.Marağalı, N.Nərimanov. Y.V.Çəmənzəminli, A.Şaiq, M.S.Ordubadi, S.M.Qənizadə və digər görkəmli sənətkarların qələmə aldıqları roman nümunələrinin monoqrafiyada geniş tədqiq obyektinə çevrilməsi elmi əhəmiyyət kəsb edir.
Nəşrdə “Roman janrının meydana gəlməsi”, “Ənənəvi nəsr janarlarında ilk roman örnəkləri”, “Yeni tipli ilk Azərbaycan romanları” kimi başlıqlarda yazılara yer verilib.

Kitabın giriş hissəsində monoqrafiyanın yazılmasının məqsədi göstərilir: “Kitabın yazılmasında məqsəd münbit qaynaqlar, zəngin zəmin üzərində yaranan ilk Azərbaycan romanlarını müstəqillik və demokratiya işığında ilk dəfə elmi şəkildə təhlil etmək, onun uğur və kəsirlərini üzə çıxartmaq, ədəbiyyat tariximizin intibahında və inkişafında onların rolunu müəyyənləşdirməkdir. Eyni zamanda burada milli romançılıq və roman problemi haqqındakı mübahisələrə aydınlıq gətirilməsinə, romançılığın yaranma və təkmilləşmə mərhələsinin elmi mənzərəsinin verilməsinə, inkişaf yolunun aydınlaşdırılmasına, Azərbaycan romanının qaynaqlarının açıqlanmasına, ilk romanlarımızın, roman adı ilə çıxan nəsr örnəklərinin elmi şəkildə qruplaşdırılmasına səy göstərilir”.

Qeyd edək ki, monoqrafiyanın rəyçiləri filologiya elmləri doktoru, Prof. Akif Hüseynli və filologiya elmləri doktoru, Dos. Vaqif Yusiflidir.

Mission News Theme by Compete Themes.