Press "Enter" to skip to content

Keçmiş təhsil naziri məktəbdə coşquyla qarşılandı – VİDEO

Prof. Məcnun Babayev və Prof. Misir Mərdanov

Son yeniləmə: 22 Noyabr 2023 17:37

BAYRAQDAR MEDİA – 2023 – Heydər Əliyev İli çərçivəsində Zəfər qoxulu bayramlar ayı olan noyabrda Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin kollektivi tədbirlərini davam etdirir.

Məktəbdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, 15 noyabr 2023-cü ildə təhsil müəssisə növbəti dəfə qapılarını fəxri qonaqlara açaraq möhtəşəm Zəfər Bayramı tədbiri keçirib.

Tədbirdə qonaqlar, veteran müəllimlər, 44 günlük müharibənin zəfərində payı olan məzun qazilər böyük coşqu ilə qarşılanıb.

Bildirilir ki, məktəbin giriş hissəsindən tutmuş tədbir keçiriləcək zala qədər düzülmüş balaca fidanlar əllərində bayraqlarla təmtəraqlı şəkildə qonaqları qarşılayıb.

Tədbir şəhidlərin ruhunun sayğıyla anılması və Azərbaycanın Dövlət Himninin ifası ilə başlayıb.

Açılış çıxışında qonaqları salamlayan məktəbin direktoru, Əməkdar müəllim Almaz xanım Həsrət dəvət edilən qonaqların da şagirdlərin vətənpərvər ruhda yetişməsində, onların formalaşmasında oynadığı roldan danışıb.

Tədbir zamanı
Tədbir zamanı

Bundan sonra söz Azərbaycanın keçmiş təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Prof. Misir Mərdanova verilib. O, çıxışında uşaqların vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı fikirlərini dilə gətirib, məktəbin kollektivinə uğurlar diləyib. Professor eyni zamanda dövlətin gördüyü böyük işlər, özəlliklə də 8 Noyabr Zəfər Günü ilə bağlı təqdirini dilə gətirib. O, eyni zamanda Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini paylaşıb. M.Mərdanovun çıxışı coşqu və alqışlarla qarşılanıb.

Daha sonra digər qonaqlar da çıxış edərək xatirələrini bölüşüb, Ulu Öndər Heydər Əliyev məktəbinin möhkəm təməlindən və bu məktəbin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasətindən söz açıblar.

Çıxışçılar eyni zamanda şagirdlərə bir sıra tövsiyələrini də veriblər.

Xəbərdə bildirilir ki, qonaqlar Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru, Türk Dünyası Araşdırmaları Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim, “Əmək” ordenli Məcnun Babayev, “Tətbiqi Sənət Nümunələrinin Qorunması və Təbliğinə Yardım” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə departament rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı, eyni qurumun rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dekorativ tətbiqi sənət ustası Lalə Sərdarlı, həmçinin qurumun incəsənətdə yeni texnologiyaların tətbiqi departamentinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Toğrul Sərdarlı, Azərbaycan Respublikası Baş Prokurorluğu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru, Həzi Aslanov və Səməd bəy Mehmandarov adına qızıl medalların mükafatçısı, Ədliyyə müşaviri, polkovnik Məmməd Əliyev olub.

Sağdan: Lalə, İsgəndər və Toğrul Sərdarlılar
Sağdan: Lalə, İsgəndər və Toğrul Sərdarlılar

Rəsmi çıxışların ardından tədbir bədii hissə ilə davam edib. Şagirdlər bir-birindən maraqlı çıxışları ilə qonaqların və iştirakçıların təqdirini qazanıb.

Bildirilir ki, tədbir sürprizsiz də ötüşməyib. Məktəb direktorunun sürpriz dəvəti hər kəsi riqqətə gətirib. 2020-ci ilin 44 günlük müharibəsində yaralı halda əməliyyat masasında “Qarabağ” mahnısını oxuyan döyüşçü Məbud Əhmədov eyni mahnı ilə səhnəyə çıxıb.

Xatirə şəkillərindən biri
Xatirə şəkillərindən biri

Deyilir ki, sürprizlər bununla bitməyib. Ard-arda gələn sürprizlər böyük marağa səbəb olub. Hətta direktor-müəllim birliyi ilə ərsəyə gələn, yenicə işıq üzü görmüş “Xarıbülbülün qərənfilə müjdəsi” adlı kitabın da ilkin təqdimatı olub.

Sonda xoş anlar yaşanıb, xatirə şəkilləri çəkilib.

Mission News Theme by Compete Themes.