Dr. Yücel Karauz: Qəzzada baş verənlər, mərkəzində “dünyanın yenidən formalaşması” prinsipi dayanan proseslərin tərkib hissəsidir
BAYRAQDAR MEDİA – Əksər ekspertlərin fikrincə bu gün Qəzzada baş verənlərə təkcə İsrail-HƏMAS qarşıdurması prizmasından yanaşmaq düzgün deyil. Prosesin mərkəzində daha böyük və qanlı məqsədlər dayanır. Ehtimallara görə, Orta Doğuda hazırda baş verənlər eyni zamanda Üçüncü Dünya müharibəsinə də yol aça bilər.
Öz növbəsində BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bu ehtimalların həqiqətə yaxın olduğunu deyib.
O, qeyd edib ki, ilkin olaraq İsrail-HƏMAS qarşıdurması kimi ortaya çıxan bu toqquşma hər keçən gün daha da şiddətlənir: “Bu isə özlüyündə prosesə digər ölkələrin də qoşula bilmə ehtimalını artırır. Ümumiyyətlə, öncə Balkanlarda özünü büruzə verən, daha sonra digər regionlarda da boy göstərən bu gərginlik, mərkəzində “dünyanın yenidən formalaşması, daha dəqiq desək “yenidən nüfuz dairələrinə bölünməsi” prinsipi dayanan proseslərin tərkib hissəsidir. Bu məqamda İsrail-HƏMAS qarşıdurmasının ilk anlarında İsrail tərəfindən “bu hadislərin daha da böyük əraziləri əhatə edəcəyi, hətta Orta Doğunun yenidən formalaşacağı” barədə verilən bəyanatları da xatırlatmaq yerinə düşər”.