BAYRAQDAR MEDİA – Noyabrın 15-də AMEA Mərkəzi Elmi Kitabxanasında I Qarabağ müharibəsində şəhid olmuş qazaxıstanlı Yerbol Barımbetova həsr olunmuş kitabın təqdimatı keçirilib. “Yerbol – Qarabağ şəhidi” adlı kitabın müəllifi qardaş Qazaxıstandan olan yazar Nəsixə Gumarqızıdır.
Tədbirin açılışında çıxış edən MEK-in baş direktoru, Prof. Məmməd Əliyev I və II Qarabağ müharibəsindən danışıb. Azərbaycanın ərazi bütövlüyünün bərpasından söz açan professor 2020-ci ilin 44 günlük müharibəsindən sonra MEK-də yaradılmış Qarabağ müharibəsi qəhrəmanları fondu haqda da məlumat verib. Təqdimatı keçirilən kitab haqqında danışan baş direktor bildirib ki, sözügedən kitab Azərbaycana böyük bir hədiyyədir. O, belə bir dəyərli kitaba görə müəllifə dərin təşəkkürünü ifadə edib.
Ardınca kitabın müəllifi N.Gumarqızı çıxışında 30 illik işğal altında qalmış Azərbaycan torpaqlarından, Xocalı faciəsindən, həmçinin Azərbaycanın qələbəsi ilə sona çatan 44 günlük müharibədən bəhs edib. Müəllif kitabının ərsəyə gəlməsi haqda danışıb. O, sözügedən kitabı Qarabağ müharibəsinin bütün şəhidlərinə, iştirakçılarına, veteranlarına, əsgər yoldaşlarına, şəhid analarına ithaf etdiyini deyib.
Daha sonra tədbir BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrətin moderatorluğu ilə davam edib, tədbir iştirakçılarının digər çıxışları dinlənilib.
Təqdimatda iştirak edən şəhid yaxınları, həmçinin Yerbolun döyüş yoldaşları çıxış edib, xatirələrini paylaşıb. Tədbir boyunca duyğulu anlar yaşanıb.