Son yeniləmə: 15 Noyabr 2023 16:22
BAYRAQDAR MEDİA – Xızı rayon Suvarma Sistemləri idarəsi yaz suvarma mövsümünə hazırlaşır. Bu məqsədlə plan qrafikə uyğun olaraq rayonda kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğular cari təmir edilir. Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib: “Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2 min 970 hektar idi. Ölkə başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində bu gün rayon suvarılan sahələr 12 min 959 hektar təşkil edir. Həm əvvəllər mövcud olan həm də əkin dövriyəsinə yeni cəlb olunan sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədi ilə 327 km uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 km-i açıq, 225 km-i isə qapalı tiplidir. Kanallar üzərində 1 min 899 ədəd hidrotexniki qurğu quraşdırılıb”.
O da vurğulanıb ki, Xızı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən rayonda təsərrüfat sahiblərinin vaxtında və itkisiz suvarma suyu ilə təmin edilməsi məqsədi ilə ötən il torpaq məcralı 4 min 300 metr uzunluğunda kanal qapalı boru kanalla əvəz edilib: “Bu işlər cari ildə də davam etdirilir. Görülən tədbirlərin nəticəsidir ki, hazırda fermerlər rahatlıqla sahələrini suvardıqlarını bildirirlər. Bu isə onların bol məhsul əldə etməsinə imkan yaradır. Onu da qeyd edək ki, cari ildə Xızı rayonunda 6 min 516 hektar sahədə əkin işləri aparılıb. Bu ərazilərin suvarılması məqdəsi ilə sahələrə 12 ədəd valler tipli müasir yağış yağdıran aqreqatlar quraşdırılıb”.