BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif mövzularda kitablar saxlanılır. Müəllifi Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Mənzər Niyarlı olan “Sənətin sehri” kitabı da həmin nəşrlər sırasındadır.
Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 8 fevral 2023-cü il tarixli 1 saylı iclas protokoluna əsasən nəşr olunub.
Nəşrdə toplanmış məqalələrdə tanınmış yazıçıların əsərləri təhlil olunub, gənc yazıçıların yaradıcılığına nəzər salınıb. Əsasən ailə-məişət, mənəvi-əxlaqi, müharibə faciəsi motivlərini araşdıran tədqiqatçı əsərləri təhlil edərkən, müəlliflərin hadisələrə fərqli münasibəti üzərində dayanıb, eyni mövzunun müxtəlif interpretasiya özəllikləri əsasında ümumiləşdirmələr aparıb. Həmçinin kitabda müəllifin bədii-publisistik məqalələri də yer alıb.
Kitabda “Biz Şuşaya gedirik”, “Şəhriyarın şeirlərində sevgi hissləri”, “Eşq sultanı – Füzuli”, “Döyüşə tələbələr gedirdi”, “Əfsanəvi qəhrəman – Cəbrayıl”, “Tanrının unutduğu Xocalı” və s. başlıqlarda yazılar toplanıb.
Qeyd edək ki, nəşrin redaktoru filologiya elmləri doktoru Tehran Əlişanoğlu, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov və filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynlidir.