BAYRAQDAR MEDİA – Bir neçə gün öncə siyasi şərhçi Azər Həsrət LAF TV-də Bütöv Azərbaycan Xalq Cəbhəsinin təmsilçisi Niyaməddin Orduxanlı ilə birlikdə Ləman Ələşrəfqızının qonağı olub. Veriliş zamanı “türkün şanlı bayrağının Qüdsə asılması” ilə bağlı müzakirə də aparılıb.
Azər Həsrət İsrailin HƏMAS terror təşkilatına qarşı apardığı savaşı dəyərləndirib. Eyni zamanda o, islam həmrəyliyi ilə bağlı fikirlərini paylaşıb.
Siyasi şərhçi qeyd edib ki, onun bir azərbaycanlı və bir türk olaraq Qüds adlı bir dərdi yoxdur. Azər Həsrət deyib ki, türk olaraq onun bayraq sancacağı yer Təbrizdir, Qərbi Azərbaycandır, Urumçidir.
Azər Həsrət eyni zamanda Doğu Türküstanda Çin zülmü altında inləyən uyğur türklərinin probleminə diqqət çəkib, müsəlmanların bu məsələdə hər hansı həmrəylik göstərmədiyinin altını cızıb.
Qeyd edək ki, Azər Həsrətin bu fikirləri və səsləndirdiyi digər fikirlər ciddi müzakirələrə səbəb olub, İrandan qaynaqlandığı bilinən mərkəzlər ona qarşı təhqir kampaniyasına başlayıb.