BAYRAQDAR MEDİA – Bu gün, noyabrın 15-də türk dünyasının ayrılmaz bir parçası olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) 40 yaşı tamam olur.
Düz 40 il əvvəl Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın öndərliyi ilə Kıbrıs Türk Federal Dövləti Məclisi KKTC-nin qurulduğunu elan etdi. Elə o tarixdən bu günə kimi də dünyanın Kıbrıs türklərinə qarşı bağışlanmaz münasibəti davam edir. Daha dəqiq desək, dünyanın ədalətsizliyinin, xüsusuilə də vəhşi Batının türk və İslam aləminə qarşı amansız davranışının daha bir nümunəsi olaraq KKTC hələ də beynəlxalq aləm tərəfindən tanınmayıb.
Sadəcə olaraq Kıbrıs türklərinin “Ana Vatan” dedikləri Türkiyə Cümhuriyyəti KKTC-ni bir dövlət kimi tanıyıb. İnşallah ki, tezliklə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr də Kıbrs türklərinin dövlətçilik haqqını tanıyarlar. Bu, əslində türk dünyasının bizə ikili standartlardan yanaşan Batıya qarşı ümumi dirənişi kimi də tarixə düşə bilər.

Qeyd etdik ki, Kıbrs türkləri Türkiyəyə “Ana Vatan” deyirlər. Bu fonda KKTC də “Yavru Vatan” olaraq qəbul edilir. Hesab edirəm ki, KKTC təkcə Kıbrsı türkləri və Türkiyədəki bacı-qardaşlarımız üçün deyil, elə bizlər üçün də Yavru Vatandır. Və bu gün bu Yavru Vatanın, Yavru Vatanımızın vətəndaşlarının 40 il öncə elan etdikləri dövlətin yubiley yaşıdır.
Bu gözəl, müqdəəds və şərəfli tarix münasibəti ilə Kıbrıs türklərini təbrik edirik. Həm də onlar üçün, onların dövlətləri üçün dua edirik. İnşallah ki, digər dualarımız kimi KKTC-nin bir dövlət kimi dünya birliyi tərəfindən tanınması üçün etdiyimiz dualar da qəbul olunar. Qəbul olunacağı isə şübhəsizdir.

Çünki biz türklər bəzi digər millətlər kimi kiməsə ölüm, müharibə, evsizılik, dağıntı arzu etmirik. Biz hər zaman Tanrıya əl açaraq xoş arzular, xoş niyyətlər üçün dua etmişik. Ona görə də dualarımız gec-tez qəbul olur. Necə ki, 30 il ərzində torpaqlarımızın işğaldan azad edilməsini arzu etdik, bunun üçün dualar etdik və sonunda da dualarımız hasil oldu. Eləcə də inanırıq ki, Güney Azərbaycanın azad olması, Kərkükün İraq daxilində öz haqlı mövqeyni, haqq etdiyi yeri tutması, KKTC-nin bir dövlət kimi dünya birliyi tərəfindən tanınması üçün etdiyimiz duaların da qəbul olacağına inanırıq. Çünki dediyimiz kimi, bizim dualarımız kimi inancımız, inamımız da saf və müqəddəsdir.
İnamdan söz düşmüşkən, bir dəfə Naxçıvanda, Əshabi-Kəhf ziyarətində olarkən ağsaqqalardan biri maraqlı bir söz dedi. Daha doğrusu, el kəlamına çevrilən bir sözü xatırlatdı – “İnamla qara daşın üzərinə getsən, o daş çiçək açar”. Bu baxımdan bizim, türk dünyasının inamı o qədər güclüdür ki, üzərinə getdiyimiz bütün “qara daşlar çiçək açır”, yaxud da açacaq. Elə onun fonunda da KKTC-nin bayrağının BMT-nin mərkəzi qərargahı önündə dalğalandığını, KKTC Cümhurbaşqanın BMT-nin, ATƏT-in, AB-nin tədbirlərində səlahiyyətli, dünya birliyi tərəfindən tanınan və qəbul edilən bir dövlətin başçısı kimi əyləşdiyini görəcəyik.

Hə, deyək ki, bu gec oldu. Batı hələ bir müddət də bizə-türk dünyasına qarşı qansız, acımasız davranışından əl çəkmədi. Eyb etməz. BİZ BİZƏ yetəriz. Necə ki, bir zamanlar bəziləri hələ Kuzey Kıbrısın adını belə çəkməkdən qorxarkən bizlər AB-yə, Batının ölkələrinə KKTC-nin varlığı barədə qəti mövqe bildirirdik, yenə də eyni yolu davam edəcəyik. Bunu sadəcə söz xatirinə demirik.
Deməli, ötən əsrin doğsanıncı illərində, həmin vaxt çalışdığım mətbu orqanın təmsilçisi kimi KKTC-yə səfər etmişdim. Geri dönəndən sonra isə “Ağ dənizdə yaşıl ada” başlıqlı silsilə yazılar yazmışdım. Sonuncu yazı dərc ediləndən sonra həmin vaxt AB-ni də Azərbaycanda təmsil edən bir Avropa dövlətinin səfirliyindən redakisiyaya zəng oldu. Bir nəfər məni telefona çağırdı. Danışıq zamanı həmin zat “sizin yazıları oxuduq. Amma bilirisiniz ki, o getdiyiniz yer rəsmi olaraq dünya tərəfindən tanınmayıb. Gəlin biz sizi rəsmi dövlət kimi tanınan hissəyə (rum tərəfini nəzərdə tuturdu- N.A) səfərə göndərək. Əminik ki, ordan da belə maraqlı yazılar hazırlaya bilərisiniz” dedi.

Və cavab olaraq bircə kəlmə dedim: “Çox sağ olun. Mən hara məsləhətdirsə, haranı dövlət kimi tanıyıramsa, elə ora da səfər etmişəm və yazılar yazmışam”.
Yəni dediyimiz o ki, Avropanın, Batının nə istəməsindən aslı olmayaraq KKTC-ni bizlər çoxdan bir dövlət kimi tanımışıq. KKTC-nin bayrağı bu gün BMT-nin mənzil qərargahı önündə dalğalannmaya bilər. Buna sadəcə təəssüf edə bilərik. Amma avropalılara onu da çatdırırıq ki, KKTC-nin, Yavru Vatanın bayrağı bizim qəlbimizdə, evimzidə, ölkəmizdə dalğalanır. KKTC-nin bayrağı bu gün Türk Dövlətləri Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirlərində dalğalanır və heç kim şübhə etməsin ki, bu bayraq sonunda bütün dünya tərəfindən Kıbrıs türklərinin dövlətinin rəsmi bayrağı kimi də tanınacaq.
Bir sözlə, bu gün Doğu Akdenizdə türk dünyasının təmsilçisi olan KKTC hələ də Batı dünyasından haqq etdiyi dəstəyi, dövlət kimi tanınmaq haqqını ala bilməsə də, qocaman türk dünyası KKTC-nin yanındadır. Və türk dünyası Yavru Vatanı heç zaman tək buraxmayacaq. Bunu bütün dünya bilsin!!!
40 yaşın mübarək Yavru Vatan!