BAYRAQDAR MEDİA – Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 13-də 80 yaşı tamam olan Krım tatarlarının lideri, insan haqları fəalı, Ukrayna millət vəkili, tanınmış ictimai-siyasi xadim Mustafa Cəmiloğlu ilə görüşüb.
Xəbər BAYRAQDAR MEDİA-ya Prezidentin ofisindən daxil olub.
Xəbərdə deyilir ki, Prezident Mustafa Cəmiloğlunu yubileyi münasibətilə təbrik edib. Eyni zamanda onun Ukrayna dövlətinin maraqları və Krım tatarlarının hüquqları uğrunda mübarizəsinə görə təşəkkürünü bildirib.
Prezident yubilyara Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizədə tutduğu mövqeyə görə təşəkkürlə bərabər sağlam ömür arzulayıb.
Qeyd olunan xidmətlərini nəzərə alaraq Ukrayna Prezidenti Mustafa Cəmiloğlunu “Ukrayna Qəhrəmanı” adı və Dövlət ordeni ilə təltif etdiyini bildirib.
Krım tatarlarının lideri bu yüksək etimada görə Prezidentə təşəkkür edib. O, layiq görüldüyü yüksək təltiflərin Ukrayna üçün canını fəda edən döyüşçülərin haqqı olduğunu deyib.
Mustafa ağa sözlərinə onu da əlavə edib ki, arzusu öz doğma torpağı olan Krıma dönüb orada ömrünü başa vurmaqdır. O, əminliklə deyib ki, Prezident V.Zelenskinin onun bu arzusunu gerçəkləşdirəcəyinə əmindir və tezliklə bütün Ukrayna torpaqları işğaldan azad olunacaq.