Press "Enter" to skip to content

Prezident qardaş ölkənin nazirini qəbul edib

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev noyabrın 14-də qardaş Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Dövlət başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, tədbir çərçivəsində Özbəkistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb.

İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən İ.Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd edib.

Dövlət başçısı L.Kudratovun Azərbaycana səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Qonaq da öz növbəsində Özbəkistan Prezidentinin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

İ.Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

“Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirdi, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkləmləndirilməsi baxımından önəmini qeyd etdi.

“Laziz Kudratov vurğuladı ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əhalinin rifah halının daha da yaxşılaşdırılması Özbəkistanda böyük sevinc doğurur. Qonaq, eyni zamanda, qeyd etdi ki, özbək xalqı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qürur hissi ilə izləyib. Azərbaycan Prezidentinin qətiyyəti və möhkəm iradəsi, uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsinin mümkün olduğunu vurğulayan Laziz Kudratov Şuşa və Füzuliyə səfərləri zamanı orada gedən böyük yenidənqurma və bərpa işlərinin şahidi olduğunu dedi.

“Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.