Press "Enter" to skip to content

Ortaq əlifbaya keçid zəruridir

Telman Nüsrətoğlu

Son yeniləmə: 14 Noyabr 2023 15:13

Telman Nüsrətoğlu: Bu, dünya dilləri arasında türkcənin mövqelərini getdikcə daha da gücləndirəcək

BAYRAQDAR MEDİA – “Dil də canlı bir orqanizimdir və mütəmadi olaraq özünü yeniləməyə möhtacdır. Hazırda sürətlə dəyişən texnologiya və kəşflər dövründə dilin zənginləşməsi, qorununb-saxlanması olduqca mühüm bir məsələdir. Bu mənada türk dilinin inkişafı üçün türk dövlətlərinin qarşısında böyük imkanlar və fürsətlər var”.

Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əlifba birliyinin yaranması, yəni, ortaq əlifbaya keçidlə bağlı çağırışını BAYRAQDAR MEDİA üçün dəyərləndirən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

O, qeyd edib ki, yuxarıda sadalananlar fonunda ortaq əlifbaya keçmək də mühüm əhəmiyyət kəsb edir və zəruridir.

Xatırladaq ki, Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxış edən R.T.Erdoğan türk dünyasının ortaq dil, mədəniyyət və tarixə əsaslanan insani əlaqələrinin artırılması, ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər apardıqlarını vurğulayıb. O, “Xüsusilə birliyimizin və həmrəyliyimizin möhkəmlənməsində dil birliyinin əhəmiyyəti göz qabağındadır. İlk addım əlifba birliyini təmin etməkdir. Bu baxımdan prezidentlərin dəstəyi çox önəmlidir. İnanıram ki, YÖK-ün katibliyimizə çatdırdığı təkliflər siz əziz qardaşlar tərəfindən ən yaxşı şəkildə qiymətləndiriləcək” deyib.

R.T.Erdoğanın çıxışını yüksək dəyərləndirən T.Nüsrətoğlu bildirib ki, ortaq əlifbaya keçmək ilk növbədə türk ləhcələri və dilləri arasındakı yaxınlaşmanı, münasibətləri, bir-biriləri ilə kəlmə alış-verişini apararaq zənginləşməni təşviq edəcək: “Yəni bu, ilk növbədə türk dövlətləri, türk dünyası arasındakı inteqrasiyanı, fikir, düşüncə, dil, ədəbiyyat, sənət yaxınlaşmasını təmin edəcək. Çünki müştərək bir əlifba ilə bir vaxtlar olduğu kimi bütün türk dövlətlərinin ədəbi-bədii əsərlərini oxumaq, onlardan hali olmaq imkanı yaranacaq. Bu əsərlər türk dünyasında daha geniş şəkildə yayılacaq”.

Müsahibimiz deyib ki, bu, eyni zamanda müştərək türkcənin yaranmasına təkan verəcək: “Bu da təbii ki, dünya dilləri arasında türkcənin mövqelərini getdikcə daha da gücləndirəcək. Sonrakı mərhələdə isə ən çox danışılan, diplomatik dil kimi daha da önə çıxmasına təkan verəcək”.

Mission News Theme by Compete Themes.