Press "Enter" to skip to content

Ölkələrin inkişafı yerli istehsalın artırılmasından keçir

Prof. Dr. Güngör Yılmaz

Son yeniləmə: 14 Noyabr 2023 11:52

Prof. Dr. Güngör Yılmaz: Gələcəyi, insanlarının sağlamlığını və qida təhlükəsizliyini düşünən dövlətlər kənd təsərrüfatının inkişafına ciddi fikir verməlidirlər

BAYRAQDAR MEDİA – “İnsanlarını lazımi qədər yerli qida, yerli məhsullarla təmin edə bilən ölkələr güclü ölkələrdir. İnkişaf etmiş ölkələr öz vətəndaşlarını yetərincə və yerli, həmçinin keyfiyyətli məhsullarla təmin edə bilirlər. Onları inkişafının kökündə dayanan səbəblərdən biri də məhz budur. Yəni sağlam qida ilə yetişən insanlar daha güclü, daha elmli olurlar”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl olaraq Yozgat Bozok Universitetinin rektor yardımçısı Prof. Dr. Güngör Yılmaz deyib.

Gənclər, torpaqla məşğul olmaq istəmirlər

O, qeyd edib ki, bunu bütün ölkələr haqqında demək mümükün deyil. Səbəb isə gənclərin kənd təsərrüfatı və qida sənayesindən uzaq düşməsidir: “Təəssüflər olsun ki, bu gün yeni nəsil, gənclər, belə deyək ki, otla, çöplə, tozla, torpaqla məşğul olmaq istəmirlər. Düzdür, bəziləri bu sahəni çox sevirlər. Amma bunlar çox azdır. Halbuki gələcəyi, insanlarının sağlamlığını və qida təhlükəsizliyini düşünən dövlətlər kənd təsərrüfatının inkişafına ciddi fikir verməlidirlər”.

Qeyd edilib ki, bunun üçün də kənd təsərrüfatını qəlbən sevən gənclər lazımdır: “Mən bir kənd təsərrüfatı mütəxəssisiyəm və öz sahəmi sevərək ali təhsil almışam. Bir zamanlar Ankara Universitetinin Ziraat fakültəsində oxudum, indi də Yozgart Universitetində bir professoram. Universitetimizin həm Ziraat fakültəsini, həm kənd təsərrüfatı ilə bağlı araşdırma təsərrüfatını, həm də veterenar fakultəsini koordinasya edən şəxsəm. Amma nədənsə xaricdən gələn tələbələr bu fakultədə az saydadırlar. Halbuki səfər etdiyimiz bir çox ölkədə istehsalın vacib olduğu görünməkdədir”.

Yerli istehsalın güclü olması üçün gələcəyi düzgün dəyərləndirə bilən kadrlar olmalıdır

Qeyd edilib ki, yerli istehsalın güclü olması üçün isə gələcəyi doğru-düzgün dəyərləndirə bilən kadrlar olmalıdır: “Deməli, ölkələr istər öz daxillərində, istərsə də xaricdə ali təhsil alan gənclərə də bu məqamı aşılamalı, kənd təsərrüfatı, ümumilikdə qida sənayəsinə üstünlük verilməliyin strateji əhəmiyyət kəsb etdiyini gələcək nəsillərə çatdırmalıdırlar. Yoxsa, bu gün hər iki gəncdən biri komputer qrafikası, texnoloji yenilikllər, inşaat mühəndisi, proqramçı-dizayner, reklam mütəxəssisi, yaxud həkim olmaq istəyir. Əlbəttə, bu ixtisaslar da vacibdir. Amma hər bir ölkə üçün, bir daha təkrar edirəm ki, qida təhlükəsizliyi həyati önəm kəsb edir. Bu qida təhlüksəizliyinin yolu isə kənd təsərrüfatının inkışafından, istehsalən artmasından, sağlam məhsulların istehsal edilməsindən keçir. Bu məhsullar yetişdirmək, istehsal etmək üçün isə ölkələrə bacarıqlı, bilikli kadrlara ehtiyac duyurlar və gələcəkdə daha da çox duyacaqlar”.

Müsahibimiz vurğulayıb ki, bu, təbii ki, Azərbaycan üçün də keçərlidir: “Azərbaycan da istehlakçı deyil, istehsalçı kadrların yetişməsi üçün davamlı addımlar atmalıdır. Ümumiyyətlə, ölkələrin inkişafı yerli istehsalın artırılmasından keçir. Bu istehsal isə bütün sahələri, yəni, kənd təsərrüfatı, qida, sənaye və s. əhatə etməlidir”.

İnsanların sayının artması qidaya təlabatı da artırır

O, qeyd edib ki, ölkələr həm də digər bir vacib məqamla bağlı yerli istehsala üstünlük verməlidirlər: “Dünyada insanların sayı hər keçən gün daha da artır. Bu artım isə özlüyündə qidaya təlabatı da artırır. Yəni, bu gün sən kənd təsərrüfatı məhsullarını hansısa xarici ölkədən ala bilərsən. Amma sabah buna təminat yoxdur. Çünki o ölkənin özündə də buna tələbat artacaq getdikcə. Misal olaraq Rusiya-Ukrayna savaşı kontekstində bəzi ölkələrin düyü və taxıl ixracını dayandırmasını göstərə bilərik. Deməyim odur ki, artıq bunun nümunələri də ortadadır. Elə isə çox gözləmək, fikirləşmək, yox, dərhal, vaxt itirmədən hərəkətə keçmək lazmdır. Hərəkətin mərkəzində isə ixtisaslı kadrların sayını artırmaqla kənd təsərrüfatı və qida sənayesinin inkişafına, daha da güclənməsinə təkan verən addımlar dayanmalıdır. Deməli, qayıdırıq yenə əvvəldə qeyd etdiyimiz məqama. Yəni gəncləri ixtisas seçimindən etibarən düzgün istiqamətə yönləndirməliyik”.

Mission News Theme by Compete Themes.