BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Borçalıdan Şuşaya gedən yol” kitabıdır.
Sözügedən nəşr Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük müharibədə şərəflə vuruşaraq şəhid və qazi olmuş Borçalı əsilli soydaşlardan bəhs edən “Borçalıdan Şuşaya gedən yol” adlı kitabın (2021-ci il) ikinci hissəsi kimi nəşr olunub. Kitabda əsasən Birinci Qarabağ müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalmış, döyüşlərdə itkin düşmüş Borçalı əsilli cəsur döyüşçülərdən və müharibə veteranı kimi şərəfli bir ad daşıyanlardan söhbət açılıb. Kitabda həmçinin 44 günlük müharibənin istirakçısı olmuş və müəyyən səbəblərdən birinci kitabda barələrində məlumat verilməyənlərə də yer ayrılıb.
Nəşrin giriş hissəsində bildirilir: “Təbii ki, 1-2 kitabla əslən Borçalıdan olub, Qarabağ uğrunda gedən həm Birinci, həm də İkinci müharibələrdə iştirak edənlərin hamısını əhatə etmək, onların keçdikləri döyüş yolundan, həyat hekayətlərindən tam dolğunluğu ilə söhbət açmaq imkansızdır. Birinci kitabda olduğu kimi, bu kitab da iki hissədən ibarətdir – birinci hissədə 40 nəfər şəhiddən, ikinci hissədə isə qazilərdən söhbət açılır.
Əziz oxucu, kitabı oxuduqca görəcəksən ki, burada haqqında bəhs olunanların əksəriyyəti ali təhsilli olub, bəziləri isə hətta Rusiyada ali təhsilini yarımçıq buraxıb Azərbaycana gələrək könüllü şəkildə cəbhə bölgəsinə yola düşüb. Onların arasında o zamankı sovet ordusunda xidmət edən zabitlər və SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil alanlar da az deyil ki, oradakı xidmətlərini və ya təhsillərini yarımçıq saxlayaraq Azərbaycan Ordusunda xidmətə başlayıblar. Təbii ki, onları bu işə heç kəs məcbur etməyib, könüllərindəki millət və Vətən sevgisinin çağırışı ilə Qarabağ uğrunda gedən döyüşlərə qatılıblar”.
Qeyd edək ki, kitabın redaktoru ehtiyatda olan polkovnik Elşad Həsənov, məsləhətçisi isə ehtiyatda olan polkovnik Telman Budaqovdur.