Son yeniləmə: 14 Noyabr 2023 17:16
Məcid Cavadi: Ümid edirəm ki, bu yüksəlişin fonunda Güney Azərbaycanda da milli mübarizəmizdə uğurlar əldə ediləcək
BAYRAQDAR MEDİA – “Artıq üç ildir ki, Azərbaycan xalqı 8 noyabr tarixini Zəfər Günü kimi qeyd edir. Çünki üç il öncə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqların işğalına son qoydu. Bu il keçirilən Zəfər Günü isə xüsusilə fərqləndi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Onun sözlərinə görə, bu dəfə Azərbaycan Zəfər Gününü bütün torpaqlarında suverenliyini bərpa etmiş bir dövlət olaraq qeyd etdi: “Mən Zəfər Günü münasibətilə keçirilən tədbirlərə baxdıqca bir daha xalqımızla, Azərbaycan Respublikası ilə qürur duydum. Xüsusilə də Xankəndidə keçirilən hərbi parad guzeyli, güneyli bütün dünya azərbaycanlıları üçün bir qürur mənbəyi oldu. Mən xəbər saytlarında gedən bir şəkili gördüm və çox duyğulandım. Həmin şəkildə 104 il əvvəl Xankəndidə Azərbaycanın keçiridiyi hərbi paraddan kadr əks olunmuşdu. Bəlli olur ki, Azərbaycan ondan sonra Xankəndidə heç bir hərbi parad keçirməyib. Yalnız 104 il sonra, 2023-cü il noyabrın 8-də Xankəndidə Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Bu xoşbəxtliyi bizə yaşadan cənab Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna minnətdaram”.
Müsahibimiz bildirib ki, bütün bu baş verənlər bütövlükdə dünya azərbaycanlıları üçün həm də bütövlüyə gedən yolda bir stimul, bir təkan rolunu oynayır: “Bu, bizim xalqımızın 200 illik milli davasının qələbəsidir. Azərbaycan son 200 ildə ilk dəfə torpaq itirmədi, əksinə işğal edilmiş topraqlarını düşməndən azad etdi. Bu gün dünya arenasında güclü Azərbaycan Respublikası var və bu, biz Güney Azərbaycanlılara da əlavə güc verir. Çünki xalıqmız artıq məğlubiyyətlər seriyasına son qoyub və yüksəlişə qədəm qoyub. Ümid edirəm ki, bu yüksəlişin fonunda Güney Azərbaycanda da milli mübarizəmizdə uğurlar əldə ediləcək”.
M.Cavadi, sonda “bu tarixi Zəfərin, dünya azərbaycanlılarına şərəf və qürur gətirən bu tarixi hadisələrin, Azərbaycanın həyatındakı bu dönüş nöqtəsinin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyevin zərgər dəqiqliyi ilə əsasını qoyduğu siyasətin İlham Əliyev tərəfindən böyük ustalıqla davam etdirilməsi nəticəsində biz bu gün dünyada qürurla gəzir, bir azərbaycanlı kimi düşmənlərimizin gözünə dik baxa bilirik” deyə əlavə edib.