Bakıda KKTC-nin 40-cı ildönümü münasibətilə rəsmi qəbul keçirildi
BAYRAQDAR MEDİA – Noyabrın 15-də böyük türk dünyasının ayrılmaz parçası olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) elan olunmasının 40-cı ildönümüdür. Noyabrın 13-də isə bu münasibətlə Bakıda KKTC-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə rəsmi qəbul keçirildi.
Tədbirdə bu ölkənin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə əvvəlcə Dövlət himnləri səsləndirildi.

Sonra çıxış edən KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer böyük türk millətinin bir parçası olan Kuzey Kıbrısın müstəqilliyinin 40-cı ildönümünün qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğuladı.
Çıxışda KKTC-nin elanına aparan yola qısa ekskurs da edildi. Bildirildi ki, bu gün qətiyyətli şəkildə suverenlik və müstəqil dövlət olma haqqının tanınması uğrunda mübarizəsini davam etdirən KKTC Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcək və möhkəmlənəcək.
U.Turgener KKTC Cümhurbaşqanı Ersin Tatarın ölkənin gələcəyi üçün gördüyü işlərdən də bəhs etdi.
U.Turğaner çıxışında, həmçinin Azərbaycan xalqını və dövlətini ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbrik etdi. Ersin Tatarın ötən ay Azərbaycana səfərindən danışan diplomat iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğuladı.

Mərasimdə çıxış eədn Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öncə təbriklərini çatdırdı. Azərbaycanla KKTC arasında bir sıra sahələrdə əlaqələrin olduğunu deyən S.Seyidov siyasi əlaqələrin də getdikcə inkişaf etdiyini bildirdi.
Qeyd olundu ki, Azərbaycan KKTC-ni dəstəkləyir. KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv seçilməsi tarixi hadisədir və hər birimizi qürurlandırır.
Tədbir daha sonra konsert proqramı ilə davam etdi.
Məlumat üçün bildirək ki, düz 40 il öncə Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın öndərliyi ilə Kıbrıs Türk Federal Dövləti Məclisi KKTC-nin qurulduğunu elan etdi. Lakin bu elan, ümumiyyətlə Kıbrıs türkünün varlığını qorumaq, onun dövlətinin qurulduğunu bütün dünyaya bəyan etmək heç də asan olmamışdır. Kıbrıs türk qardaşlarımız bu yolda çoxlu sayda şəhid verib, adada sözün həqiqi mənasında var olmaq mübarizəsi aparıblar.
Təəssüflər olsun ki, Avropa, ümumilikdə Batı Yunanıstanın Kıbrıs adasını özünə birləşdirmək üçün ötən əsrin 40-cı illərində başlatdığı “Enosis” (birləşmək) siyasətinə təpki göstərmədi. Nəticədə də 1960-70-ci illərdə Kıbrıs türklərinin başına hansı faciələrin gətirildiyi, bu işdə 1955-ci ildə məhz Yunanıstanın birbaşa rəhbərliyi ilə yaradılan EOKA (Ethniki Oraganosis Kyprion Agoniston – Kipr Yunanlarının Azadlığı Təşkilatı) terror təşkilatının hansı qanlı cinayətlər törətdiyi bütün dünyaya bəllidir.

Məhz həmin qanlı olaylar haqqında tarixi məlumatlara sahib olan hər bir vicdanlı kəs də bu fikri təsdiqləyər ki, KKTC-nin yaranması tarixi zərurətdən doğurdu. Çünki vurğuladığımız kimi, ötən əsrin 60-cı illərindən etibarən rum-yunan cütlüyü Kıbrıs türklərinə qarşı misli görünməmiş təzyiq, soyqırım siyasəti həyata keçirirdi. Buna son qoymaq üçün qardaş Türkiyə tərəfindən reallaşdırılan 1974-cü il Kıbrıs Barış Hərəkatından sonra adada yeni vəziyyət yarandı. 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin yaradıldığı elan edildi. Lakin adadakı rumların Kıbrısda hakim xalq iddiasından əl çəkmədiyini, o cümlədən Qərbin də bu antitürk mövqeyinə dəstək verdiyini görən türklər yeni və müstəqil dövlətin elan edilməsindən başqa çıxış yolunun olmadığını gördülər.
Beləliklə də 1983-cü il noyabrın 15-də KKTC rəsmən elan edildi.