Press "Enter" to skip to content

Biz sözə deyil, əmələ baxmalıyıq

Musa Bərzin

Son yeniləmə: 14 Noyabr 2023 09:45

Musa Bərzin: Reallıqda görünən odur ki, Qarabağın Ermənistanın işğalından azad edilməsi İranı razı salmayıb

BAYRAQDAR MEDİA – “Kimsəyə sirr deyil ki, İran hökuməti hələ Birinci Qarabağ müharibəsində işğalçı Ermənistanın yanında yer almışdı. İranın mövcud rejimi bunu nə qədər gizlətməyə, guya regionda tərəfsiz olduğu görüntüsü yaratmağa çalşsa da, hər şey bütün çılpaqlığı ilə ortada idi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycanın Ərdəbil şəhərindən olan milli fəal, hazırda Türkiyədə yaşayan hüquqşünas Musa Bərzin deyib.

O, qeyd edib ki, İranın mövcud rejimi nə qədər pərdələməyə çalışsa da, bu ölkənin Qarabağın daim Ermənistanın işğalı altında qalmasını istədiyi bəlli idi: “İkinci Qarabağ müharibəsi zamanı da bu siyasət davam etdirildi. İran Azərbaycana heç bir dəstək vermədi. Əksinə, işğalçı Ermənistana dəstək üçün yenə də dəridən-qabıqdan çıxdı. Düzdür, bəzi rəsmilər bəyanatlarda Azərbaycanın xeyrinə nələrsə dedilər. Lakin əməldə tamam başqa şeyin şahidi olduq. Gördük ki, molla rejimi yenə də Ermənistanın yanında durub. Hesab edirəm ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son fikirləri də məhz həmin siyasətin tərkib hissəsidir. Yəni M.Sübhaninin İran Prezidenti İbrahim Rəisinin cəmi bir neçə gün öncə Daşkənddə səsləndirdiyi bəyanatın tamamilə əksi olan fikirlər səsləndirməsi heç də təsadüfi deyil”.

Məlumat üçün bildirək ki, İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı tamamilə birmənalı bəyanat verərək Qarabağın uzun illər sonra əzəli ərazisinə – Azərbaycana qovuşmasına çox sevindiklərini söyləyib. O, “Biz çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq” deyə bəyan edib.

Lakin İranın Ermənistandakı səfiri M.Sübhani erməni jurnalistin “Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı İran İslam Respublikasının rəsmi mövqeyi nədir?, – sualına “Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz” şəklində cavab verib.

Musa Bərzin bildirib ki, İran tərəfinin başqa cür, yəni Azərbaycanın xeyrinə hansısa addım atmaq niyyətində olduğunu gözləmək mümkün deyil: “Çünki İranın Ermənistanla əlaqələri, əməkdaşlığı çox-çox dərin qatlara qədər əhatə olunur. Bu əmkdaşlıq o qədər dərindir ki, Qarabağın işğaldan azad edilməsi də İran-Ermənistan dostluğuna hər hansı geriləmə gətirməyəcək. O mənada ki, hər iki ölkəni bir araya gətirən bir qaranlıq amal var. O da türklüyə, Azərbaycana qarşı olmaqdır. Bu amal İran-Ermənistan dostluğunu, qardaşlığını sarsılmaz edir”.

Konkret olaraq son hadisəyə gəlincə, müsahibimiz, “hesab edirəm ki, biz sözə deyil, əmələ baxmalıyıq. Sözdə Rəisi də, digər bir başqası da nəsə bizə xoş olan bir bəyanat verə bilərlər. Lakin əmələ gələndə, yəni reallıqda görünən odur ki, Qarabağın Ermənistanın işğalından azad edilməsi İranı razı salmayıb. Əksinə, rejim bundan ciddi şəkildə narahat olub. Yəqin rejim təmsilçiləri düşünürlər və qorxurlar ki, Azərbaycan Respublikasının güclənməsi öz təsirini Güney Azərbaycandakı milli azadlıq hərəkatına da göstərəcək. Elə bu qorxu fonunda da çoxlu səhvlər edir, yanlış fikirlər səsləndirirlər” deyib.

Mission News Theme by Compete Themes.