Son yeniləmə: 13 Noyabr 2023 14:31
BAYRAQDAR MEDİA – Qazaxıstan hökuməti Milli Təhlükəsizlik Komitəsinin (MTK) əsasnaməsinə dəyişiklik etməyə hazırlaşır.
Xabar.uz bildirir ki, bu barədə TASS məlumat yayıb. Agentliyin xəbərinə görə, söhbət respublikanın birinci prezidenti Nursultan Nazarbayevin mühafizəsi şöbəsinin vəzifələri haqqında bənddən gedir: “Noyabrın 24-dək müzakirə olunacaq sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsinin mövcud əsasnaməsinə dəyişiklik və əlavələr edilir. O cümlədən, 14-cü bəndin 2-ci yarımbəndinin 13-cü hissəsinin yenidən yazılması təklif edilir. Yeni təklifə əsasən, komitə Qazaxıstan Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsində iştirak etməlidir. Bu bəndin əvvəlki redaksiyasında isə bildirilir ki, Milli Təhlükəsizlik Komitəsi “Qazaxıstan Respublikasının Prezidentinin və Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbaşının təhlükəsizliyinin təmin edilməsində iştirak etməlidir”.
Qeyd edək ki, Qazaxıstanda N.Nazarbayevə verilən səlahiyyətlər və imtiyazlar 2022-ci ilin yanvar nümayişlərindən sonra demək olar ki, ləğv edilib. Xüsusilə, o, ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsini itirib.