Press "Enter" to skip to content

Moskvada Azərbaycanın Zəfər Gününə həsr edilmiş sərgi

Sözügedən sərgi

BAYRAQDAR MEDİA – Noyabrın 7-13 tarixlərində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Azərbaycanın rəngləri” adlı rəsm sərgisi keçirilib.

Sərgi Azərbaycanın MDBMİ Azərbaycan Klubu tərəfindən Rusiyanın Azərbaycan Gənclər Assosiasiyası (AMOR), Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiyadakı nüməyəndəliyinin dəstəyi ilə təşkil olunub. Sərgi ilə yanaşı, əsas mövzusu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri olan “Gənclər dəyişikliyin mərkəzində: Azərbaycan Dinamikası” adlı konfrans da keçirilib.

Tədbir zamanı AMOR-un sədri Ceyhun Hüseynovun, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədovanın çıxışları olub.

Sərgidə gənc və tanınmış rəssamların Azərbaycana, görkəmli şəxsiyyətlərə, təbiətə və s. mövzulara həsr olunmuş rəsmləri nümayiş olunub. Bundan əlavə, sərgidə Bakıdan və Moskvadan incəsənət məktəbləri, tanınmış qonaqlar iştirak edib. Eləcə də xalq tətbiqi sənətləri və rəsm əsərləri üzrə ustad dərsləri də təşkil edilib.

Gültəkin Əhmədova
Gültəkin Əhmədova

Sərgiyə bir neçə əsəri ilə qatılan, Moskvada yaşayan həmyerlimiz, rəssam Gültəkin Əhmədova sərgi ilə bağlı fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Mənim Rusiyada keçirilən Azərbaycan rəssamlarının festivalında artıq üçüncü iştirakım idi. Sərgi hər dəfə fərqli məkanlarda olur. Hər dəfə də sevə-sevə iştirak edirəm. Məqsədim sırf Azərbaycanımızı təmsil etməkdir. İstəyirəm bu yolda az da olsa bir payım olsun. Həm də qərib ölkədə yaşayıb, öz Vətənimi burada təmsil etmək kimi gözəl bir şey yoxdur. Həmçinin bu kimi fesivallarda gözəl insanlar – öz həmyerlilərimizlə görüşmək, onlara öz çəkdiyim rəsmləri göstərmək, Azərbaycan haqda danışmaq çox gözəl hisslərdir. Festivalda bir daha əmin oldum ki, Azərbaycanımız nə qədər zəngindir, rəsmlərə köçürüləcək nə qədər gözəl adət-ənənələrimiz var. Həqiqətən də qürur duyuram və nə qədər canımızda can var Azərbaycanımızı təmsil etməyə də hazırıq. Sərginin təşkilatçılarına təşəkkür edirəm”.

Qeyd edək ki, sərginin son günü noyabrın 13-dür.

Mission News Theme by Compete Themes.