Son yeniləmə: 13 Noyabr 2023 10:40
Vüqar İskəndərov: Rəsmi Tehran səfir Mehdi Sübhaninin sərsəmləməsinə aydınlıq gətirməlidir
BAYRAQDAR MEDİA – “İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son fikirləri qəbuledilməz və bağışlanmazdır. Hətta bunu bir diplomata yaraşmayan sərsəmləmə kimi dəyərləndirmək olar”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, M.Sübhaninin fikirləri İran Prezidenti İbrahim Rəisinin cəmi bir neçə gün öncə Daşkənddə səsləndirdiyi bəyanatın tamamilə əksidir: “Bu isə bizdə İran hakimiyyətinin səmimiyyətinə dair müəyyən şübhələr yaradır. Hər halda hesab edirəm ki, qısa zaman ərzində məsələ tam həllini tapacaq. Yəni, səfirin bu sərsəmləməsinin özfəaliyyət, yoxsa, İranın növbəti ikibaşlı siyasətinin tərkib hissəsi olmasına aydınlıq gələcək”.
Məlumat üçün bildirək ki, İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı tamamilə birmənalı bəyanat verərək Qarabağın uzun illər sonra əzəli ərazisinə – Azərbaycana qovuşmasına çox sevindiklərini söyləyib. O, “Biz çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq” deyə bəyan edib.
Lakin İranın Ermənistandakı səfiri M.Sübhani erməni jurnalistin “Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı İran İslam Respublikasının rəsmi mövqeyi nədir?, – sualına “Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalayan bilməz” şəklində cavab verib.
Bu isə Azərbaycan cəmiyyətində haqlı narazılıqlar yaradıb. İctimaiyyət haqlı olaraq “rəsmi Tehranı Azərbaycana yanaşmada öz ikibaşlı və ikiüzlü siyasətindən əl çəkməyib” qənaətinə gəlib.
Öz növbəsində V.İskəndərov də hesab edir ki, İran hakimiyyəti ortaya qəti mövqe qoymalıdır: “Əgər bir səfir öz ölkəsinin prezidentinin mövqeyinə daban-dabana zidd mövqe sərgiləyirsə burada iki məqam ola bilər. Ya səfir ölkə rəhbərini heçə sayır (İran kimi ölkədə bu qeyri-mümkündür), ya da İran yenə də ikibaşlı siyasətə üstünlük verir. Hər halda Azərbaycan ötən illərdə bütün olanlara rəğmən qonşuları ilə xoş münasibətlər qurmaqda, bu münasibətləri davam etdirməkdə maraqlıdır. Lakin bizə qarşı edilən hərəkətləri, xəyanətləri, ikibaşlı oyunları da qəbul etmək fikrində deyilik”.