Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova: “Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək immunitet sistemimizi gücləndirir”
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova havanın dəyişməsi, mövsumi xarakter daşıyan günəş işığının azalması insanlarda hansı təsirlərə səbəb olduğu haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Həkim bildirib ki, payızda insan bədənində bir neçə dəyişiklik müşahidə edilir: “Adətən, yuxusuzluq, baş ağrıları, həzm problemləri və s. kimi hallara daha çox rast gəlinir. Bütün bu simptomlar arasında bəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu da orqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbul etdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çox təsir edən dəyişikliklərə uyğunlaşmağa məcbur olur. Yorğunluq, konsentrasiyanın zəifləməsi, ürəkbulanma, psixomotor yavaşlama, mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış bir sindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsüm dəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarından biridir. Ümumi olaraq insanlarda yorğunluq, səbəbsiz olaraq narahatlıq bu aylarda müşahidə edilən haldır. Təbii ki, bu göstəricilən tibbi açıqlaması mövcuddur. Məhz bu hallar orqanizmdə mövcud olan vitaminlər və mikroelementlərin çatızmazlığı ilə əlaqələndirilir”.
Sonra xəbərdə, “həkim qeyd edib ki, payız fəsli xüsusi ilə vitamin C və digər faydalı elementlərin bol olduğu meyvələrin mövsümü sayılır. N.Qasımova bu mövsümdə qida rasionunda insanların əsasən mövsümi meyvə və tərəvəzlərdən (balqabaq, alma, şirin kartof, göbələk, paxlalılar, qoz və s.) istifadəsinin tövsiyə edildiyini bildirib. Deyib ki, adıçəkilən qidalarda vitamin A, vitamin C, beta-karotin, karbohidratlar və faydalı yağlar mövcuddur”.
N.Qasımova havaların soyumasının insanların fiziki aktivliyinə necə təsir göstərdiyi haqda da danışıb: “Havaların kəskin soyuması və temperatur dəyişiklikləri insanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədə azaldır. İqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıq hava fəaliyyətindən imtina etmək yanlış fikirdir. Təbiətdə gəzintilər, velosiped sürmək əhval-ruhiyyəni gücləndirir”.
Həmçinin o bildirib ki, mövsumi idman növlərini (buz meydançasında idman, evdə yoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.) də dəyərləndirmək vacibdir. Belə hallar həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir.