Press "Enter" to skip to content

Fransanın bu addımları regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edir

Ayxan Hacızadə

Ayxan Hacızadə: Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyirik

BAYRAQDAR MEDİA – “Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyirik”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı suala cavabında bildirilib.

A.Hacızadə deyib ki, sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək: “Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir.

Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, regionda sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.

“Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan, buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırmağa və pisləməyə çağırırıq”, – deyə açıqlamada vurğulanır.

Mission News Theme by Compete Themes.