Son yeniləmə: 13 Noyabr 2023 09:59
BAYRAQDAR MEDİA – “Orta Doğuda baş verən son hadisələr İranla bağlı bir məqamı da meydana çıxardı. Görünən odur ki, İran bu müharibədə HƏMAS-a dəstək vermədi. Əgər belə demək mümkünsə, HƏMAS-ı İsraillə savaşda meydanda tək qoydu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
Onun sözlərinə görə, İranın Orta Doğudakı HƏMAS da daxil, bəzi radikal silahlı qruplara dəstək verdiyi kimsəyə sirr deyil: “Düşünmək olardı ki, bu dəfə də İran HƏMAS-a dəstək verəcək. Lakin bu baş vermədi. İrandan eşidilən bir-iki cılız səsdən kənar hər hansı addım atılmadı. O cılız səs də İranın özünmüdafiəsi xarakterli idi”.
Qeyd olunub ki, bu baxımdan Livan Hizbullahının lideri Şeyx Həsən Nəsrullahın açıqlaması da təəccüb doğurdu: “Hər kəs Şeyx Həsən Nəsrullahın timsalında Hizbullahın HƏMAS-a dəstək xarakterli bəyanat verəcəyini, hansısa çağırış edəcəyini düşünürdü. Lakin bunun əksinə olaraq, o demək olar ki, susqunluq nümayiş etdirdi. Hətta o dərəcə loyal yanaşma sərgilədi ki, “bu hücum əməliyyatından bizim xəbərimiz yoxdur” deməkdən belə çəkinmədi. Bu məqamın özü də ondan xəbər verir ki, İran və onun təsiri altında olan Livan Hizbullahı HƏMAS-a dəstək vermir”.