Son yeniləmə: 13 Noyabr 2023 15:20
Prof. Dr. Ramazan Taşdurmaz: Dahi şəxsiyyət Heydər Əliyevin bu qiymətli kəlamının mərkəzində bütün türk dünyasının bir olması istəyi və anlamı dayanır
BAYRAQDAR MEDİA – “Bu bir həqiqətdir ki, türk dünyası üçün Azərbaycanın xüsusi önəmi və əhəmiyyəti var. Təsadüfi deyil ki, bu gün türk dünyasının vahid qurumu olaraq meydanda öz sözünü deyən Türk Dövlətləri Təşkilatının (TDT) formalaşmasına gedən yol da məhz Azərbaycanda, Ulu Öndər Heydər Əliyevin anadan olduğu Naxçıvanda qoyulub”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin tanınmış elm adamı, Prof. Dr. Ramazan Taşdurmaz deyib.
O, qeyd edib ki, iki il öncə 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının artıq Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası isə məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.
Müsahibimiz, eyni zamanda onu da xüsusi olaraq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamışdır: “Bu fəaliyyət Azərbaycanın hüdudlarından kənarda, bütövlükdə türk dünyasında dərin izlər buraxmışdır. Təsadüfi deyildir ki, məhz bu fəaliyyət, dahi şəxsiyyətin sözügedən istiqamətdə gördüyü işlər az bir zamanda onu türk dünyasının danılmaz liderinə çevirmişdir”.
Prof. Dr. Ramazan Taşdurmazın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin zamanında Türkiyə-Azərbaycan qardaşlığını ehtiva edən “biz bir millət, iki dövlətik” kəlamı dərin fəlsəfi məna daşıyır: “Hesab edirəm ki, bu kəlam təkcə Türkiyə ilə Azərbaycanın qaqrdaşlığını ehtiva etmir. Çəkinmədən deyə bilərik ki, dahi şəxsiyyət Heydər Əliyevin bu qiymətli kəlamının mərkəzində bütün türk dünyasının bir olması istəyi və anlamı dayanır. Yəni türk dövlətləri ayrı-ayrılıqda fəaliyyət göstərsələr də, ümumilikdə türk dünyasının bir parçasıdırlar. Bu dövlətləri bir araya gətirən də xalqların birlik və həmrəyliyidir. Qısası, dünyada nə qədər müstəqil türk dövləti olsa o qədər yaxşıdır. Çünki dövlətlərin çoxluğu ümumi işimizdə beynəlxalq arenada dəstəyin də çoxluğu, ayrı-ayrı coğrafiyaları əhatə edən beynəlxalq qurumların hər birində türk dünyasının mövqeyinin təmsil olunması deməkdir. Və təbii ki, yenidən qayıdaq Heydər Əliyevin o dəyərli kəlamındakı son vurğuya. “Bir millətik” vurğusu, hesab edirəm, ona işarə edir ki, dünyada nə qədər türk dövləti olsa da, biz hamımız bir millətin, bir xalqın övladlarıyıq. Göründüyü kimi “Biz bir millət, iki dövlətik” kəlamının dərin fəlsəfi mənası var”.