BAYRAQDAR MEDİA – Bu gün 8 Noyabr –Zəfər Günüdür. Bu gün münasibətilə dünyanın bir çox yerlərində olduğu kimi Türkiyənin Eskişehir şəhərində də bayram tədbiri keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) sədri Cavid Aydın məlumat verib.
Bildirilib ki, tarixi Zəfərimizin üçüncü ildönümü münasibətilə geniş bir bayram proqramı hazırlanıb: “Odunpazarı Bələdiyyəsi Hasan Polatkan Kültür Mərkəzində keçiriləcək bayram tədbirində dərnəyin üzvləri, bu şəhərdə təhsil alan azərbaycanlı gənclər və könül dostlarımız iştirak edəcək. Təbii ki, Eskişehirdəki ali məktəblərin, burada fəaliyyət göstərən digər xalqlara məxsus dərnək və cəmiyyətlərin təmsilçilərinin də bayram sevincimizə şərik olacağı gözlənilir”.
Qeyd edilib ki, səhnələşdirilmiş bayram tədbiri şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin iki qardaş ölkənin dövlət himnlərinin oxunması ilə başlayacaq. Daha sonra tarixi Zəfərdən bəhs edən videofilm təqdim ediləcək.
Zəfərin önəmindən bəhs edən çıxışlardan sonra isə dərnək üzvlərinin iştirakı ilə Zəfərə həsr edilən şeirlər və mahnılar səsləndiriləcək.